Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Məşəl estafeti və möhtəşəm Alov festivalı keçirilmişdir

26 may 2015 | 15:00

Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzib-dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 25-də axşam saatlarında Şəki şəhərinə gətirildi.
Şəki bütün dövrlərdə Azərbaycan tarixində mühüm rola malik olub. Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan bənzərsiz bir şəhərdir. Bu zəngin tarixi-mədəni irsin qorunması sayəsində Şəki, həm də Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib.
Avropa Oyunlarının məşəl estafeti bu qədim diyarda XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi, Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayının həyətindən start götürdü. Bir sıra beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi edən, turistlərin, xarici ölkələrdən gəlmiş dövlət rəsmilərinin, dünya şöhrətli elm, mədəniyyət və incəsənət xadimlərinin, siyasətçilərin böyük maraqla ziyarət etdiyi Şəki bu gün özünün ən sevincli tarixi günlərindən birini yaşayır.
Şəkinin fəal gənci, teleaparıcı Sədaqət Məmmədzadə sarayın həyətində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəl estafeti şəhərin mərkəzinə doğru istiqamət götürdü. On iki məşəlçi “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə hərəkət etməklə, məşəli növbə ilə bir-birinə ötürərək 2200 metrdən artıq məsafə qət etdilər. Estafetin sonuncu iştirakçısı – respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə meydanın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Meydana toplaşan minlərlə Şəki sakini bu unudulmaz anı böyük coşqu və alqışlarla qarşıladılar.
Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş etdirildi.
Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Şəki şəhərinə təqdim edildi.
Daha sonra möhtəşəm alov festivalı başlandı. Qeyri-adi alov şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı tədbir iştirakçılarında böyük bayram əhval-ruhiyyəsi yaratdı.
Alov festivalının sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən rayon Ağsaqqallar Şurasının sədr müavini Mustafa Əhmədov ürək sözlərini belə ifadə etdi: “İnanıram ki, idmançılarımız bu yarışda da qələbələr əldə edəcək, Azərbaycanın üç rəngli bayrağını zirvələrə yüksəldəcək, himnimizi səsləndirməklə bizləri sevindirəcəklər. O gün olsun ki, Qələbə məşəlini doğma Qarabağımızda yandıraq!”.
Məşəl estafetinin iştirakçısı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi Şəki şöbəsinin sədri, ikinci qrup Qarabağ müharibəsi əlili Məmmədnuru Əzizov sevincini bölüşərək dedi: “Bu günlər ölkəmizin hər yerində olduğu kimi, Şəkimizdə də yüksək bayram əhval-ruhiyyəsi yaşanır. Bir azərbaycanlı olaraq qürur hissi keçirirəm ki, Avropa Oyunlarına ilk dəfə Azərbaycan ev sahibliyi edəcək. Şübhəsiz ki, belə bir möhtəşəm idman tədbirinin ilk dəfə Azərbaycanda keçirilməsi bütün dünyanın diqqətini ölkəmizə çəkəcək. Bu, tarixi bir uğurdur. Bakıya gələn hər bir şəxs Azərbaycanın inkişafına, zəngin mədəniyyətinə, xalqımızın qonaqpərvərliyinə şahidlik edəcək. Bu Oyunlar Azərbaycanın böyük uğuru kimi tarixə düşəcək”.
Rayon sakini Xuraman Mustafayeva isə sevinc hisslərini dilə gətirdi: “Avropa Oyunları məşəlinin Odlar diyarının hər bir guşəsinə çatdırılması xalqımızın bu möhtəşəm Oyunlara necə ürəkaçıqlığı ilə hazırlaşmasından xəbər verir. Bu gün məşəlin qədim Şəkidə alovlanması hər birimizi şərəfləndirdiyi kimi, məsuliyyətimizi də qat-qat artırır. İnanıram ki, müdrik xalqımız Prezidentimizin ətrafında daha sıx birləşəcək, bütün dünya qarşısında nəyə qadir olduğumuzu bir daha nümayiş etdirəcək. Ötən hər bir gün bizi həmin möhtəşəm bayrama yaxınlaşdırır, qüvvələrimizi səfərbər edir. Qoy, bu uğurlar xalqımıza, Vətənimizə bol-bol sevinc gətirsin!”.
“Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın həqiqətən də bir idman ölkəsi olduğunun göstəricisidir”, - deyən karateçi Tural Salamov məşəlin Şəkiyə gəlməsinin şəhər idmançılarına da böyük ruh yüksəkliyi verdiyini dedi: “Bir karateçi olaraq sevinirəm ki, bu Oyunlarda karate yarışları da keçiriləcək. Ümid edirəm ki, ilk qızıl medallarımız da karateçilərimizdən gələcək. Karatenin Avropa Oyunlarının proqramına daxil edilməsi çox sevindiricidir. Çünki bu, yaxın gələcəkdə karate idman növünün də Olimpiya Oyunlarına daxil edilməsi üçün bir stimuldur”.
Şəhər gənclər və idman idarəsinin rəisi, Avropa çempionu, beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi Vüqar İskəndərov isə dedi: “Çox böyük qürur hissi duyuram. Belə mötəbər idman yarışının Azərbaycanda keçirilməsi ölkəmizin təkcə idman sahəsində deyil, digər sahələrdə də sürətli inkişafını bütün Avropaya və dünyaya nümayiş etdirəcək. Məşəlin Şəkiyə gətirilməsi, burada alovlanması hamımızda böyük bayram əhval-ruhiyyəsi yaradıb. Kiçikdən-böyüyə hamı bu tədbiri el bayramı kimi keçirir. Bizə bu sevinci bəxş etdiyinə görə, Şəki gəncləri və idmançıları adından Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Alov festivalı atəşfəşanlıqla başa çatdı.

Keçidlər