Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialı ölkəmizdə atçılıq ənənələrinin bərpasına layiqli töhfə verir

01 iyun 2015 | 15:00

Qəhrəmanlıq, igidlik, şücaət rəmzi olan, haqqında dastanlar, nağıllar yazılan, mahnılar bəstələnən at insanın ən vəfalı dostlarından biridir. At Azərbaycan xalqının həyatında, məişətində, həmçinin döyüş meydanlarında həmişə əvəzsiz rol oynayıb. Babalarımız at belində düşmən üstünə yürüyüb, qələbə, zəfər qazanıb.
Son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına xüsusi diqqət göstərilir. Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə 2006-cı ildə Şəki rayonunda Atçılıq Turizm Mərkəzinin yaradılması bu qayğıya bariz nümunədir. Rayonun Daşüz kəndində yerləşən Mərkəz 2007-ci ilin fevralından Respublika Atçılıq Turizm Mərkəzinin filialına çevrilib.
AZƏRTAC-ın müxbiri filialın direktoru Elman Qədirovla görüşüb, Mərkəzin fəaliyyəti barədə yaxından maraqlanıb.
E.Qədirov bildirib ki, Mərkəzin yaradılmasında əsas məqsəd qədim atçılıq ənənələrinin bərpası, Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin ayrılmaz tərkib hissəsi olan milli atüstü oyunların qorunub saxlanılması, ölkəmizdə atçılıq turizminin təbliği, gənc nəsildə bu sahəyə maraq oyatmaqdan ibarətdir.
On hektar ərazisi olan Mərkəzə milli atüstü oyunların keçirilməsi üçün meydança, 400 nəfərlik tamaşaçı tribunası, məşq meydançası, atların saxlanılması üçün tövlə və inzibati binalar daxildir.
Onun sözlərinə görə, hazırda burada 100-ə yaxın at bəslənilir. Bunlar əsasən ərəb atları, türkmən cinsindən olan “Axaltəkə” və alman cinsindən olan “Traken”, təmiz qanlı ingilis atları və onların mələzləri, həmçinin yerli cinslərdir. Bu atlara yüksək səviyyədə qulluq olunur, hər il onlardan bala alınır. Mərkəzdə saxlanılan atlardan əsasən turist gəzintilərində və milli atüstü yarışlarda istifadə edilir.
At belində gəzinti turlarının turistlərin istəyinə uyğun təşkil edildiyini bildirən E.Qədirov deyib ki, bir günlük turlar zamanı turistlər Daşbulaq kəndinin ərazisində yerləşən Çorqat meşəsinə səyahət edir, yaxınlıqdakı alban məbədinin qalıqları ilə tanış olur və axşam geri qayıdırlar. İkigünlük turların marşrutuna Şəkinin Kiş kəndinə səyahət, oradakı qədim alban məbədini ziyarət etmək, kənddə gecələmək və geri qayıtmaq daxildir. Üç günlük turlar isə Qax rayonundakı tarixi məkanlar və abidələrlə tanışlıq məqsədi daşıyır.
2006-cı ilin dekabrından başlayaraq hər il may ayında burada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan milli atüstü oyunlar festivalı, dekabrda isə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar keçirilir. Yarışların coğrafiyasının ildən-ilə genişləndiyini, daha kütləvi xarakter aldığını, iştirakçı komandaların sayının artdığını, güclü rəqabətin yarandığını vurğulayan E.Qədirov deyib: “Sevindirici haldır ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Bu, çox böyük uğurdur”.
E.Qədirov dövlətimizin bu sahəyə diqqət və qayğısından bəhrələnən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialının gələcəkdə atçılığın inkişaf etdirilməsində daha böyük uğurlara imza atacağına əminliyini bildirib.

Keçidlər