Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə taxıl sahələrindən 150 min tona yaxın məhsul yığılacaq

01 iyun 2015 | 15:00

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə taxıl zəmilərindən 150 min tona yaxın məhsul gözlənilir.
Bu barədə AZƏRTAC-a Şəki Şəhər İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Rafik Məmmədov məlumat verib.
O qeyd edib ki, 2014-cü ilin payızında rayonda cari ilin məhsulu üçün 61 min 231 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 39 min 144 hektarını buğda, 21 min 917 hektarını arpa, qalanını isə xəsillik arpa sahələri təşkil edir. Taxıl əkini zamanı aqrotexniki qaydalara maksimum səviyyədə əməl edilib və nəticədə sahələrdə yaxşı bitiş alınıb. İndi əsas məqsəd məhsulun vaxtında itkisiz yığılmasını təmin etməkdir.
R.Məmmədov bildirib ki, fermerlər biçin kampaniyasına ciddi hazırlaşıblar. Biçinin mütəşəkkil qaydada başa çatdırılması üçün yerlərdə operativ qərargahlar yaradılıb, fermerlər tərəfindən bütün zəruri işlər, yanğından mühafizə tədbirləri görülüb, taxıl anbarları dezinfeksiya olunub, texnika saz vəziyyətə gətirilib. Biçin kampaniyasına 60 ədəd təzə, 40 ədəd köhnə kombayn cəlb olunacaq. Zərurət yaranarsa, kömək üçün müvafiq qurumlara müraciət ediləcək. Bundan əlavə, biçinə 69 ədəd küləş presləyən aqreqat, 210 ədəd şum traktoru, məhsulun sahələrdən daşınması üçün 300-ə yaxın yük maşını, traktor və qoşqu, həmçinin 5 ədəd yanğınsöndürən və 9 ədəd su maşınının cəlb olunması nəzərdə tutulur.
Yanğından mühafizə tədbirləri ilə bağlı görülən işlərə toxunan R.Məmmədov vurğulayıb ki, bununla əlaqədar fermerlər, həmçinin əhali arasında geniş izahat-təbliğat işləri aparılıb, taxıl zəmilərinin kənarlarının quru bitki qalıqlarından təmizlənməsinə, şumlanmasına, meşələrlə həmsərhəd zəmilərdə zolaqların yaradılmasına diqqət artırılıb.
Şəkidə taxıl biçininə iyunun birinci ongünlüyündə başlanılması nəzərdə tutulur.

Keçidlər