Şəkidə bu il məktəbi bitirən məzunlar üçün son zəng çalınmışdır
Mayın 29-da və 30-da Şəkinin ümumtəhsil məktəblərində son zəng mərasimləri keçirilmişdir. Mərasimlərdə məktəb kollektivləri, yerli icra orqanları və bələdiyyələrin məsul nümayəndələri, valideynlər iştirak etmişlər.
Bayram əhvali-ruhiyyəsi ilə bir neçə saat davam edən mərasimlərdə çıxış edənlər əlamətdar gün münasibətilə məktəb müəllimlərini və şagirdləri, valideynləri təbrik etmiş, məzuna həyatda və ali məktəb yollarında uğurlar arzulamış, onlara cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməyi, elmli və bilikli olmağı, müəllimlərinin etimadını layiqincə doğrultmağı tövsiyyə etmişlər.
Bildirilmişdir ki, əvvəlki tədris ilində rayonun tam orta məktəblərini bitirmiş 1682 məzundan 1130 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 682 nəfəri şərəfli tələbə adını qazanmışdır. Qəbul imtahanlarında məzunlardan 135 nəfəri 500-dən, 40 nəfəri isə 600-dan yuxarı bal toplamışdır. Bu il isə rayonun tam orta məktəblərini 1775 məzun bitirir. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014- cü il tarixli Sərəncamına əsasən Şəki şəhər 7, 8 və 18 saylı məktəblər “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi elan edilmişdir. Qeyd olunmuşdur ki, bu ili də Şəki məktəbliləri yüksək nəticələrlə başa vurmuşlar. Belə ki, “Sabahın alimləri” IV Respublika müsabiqəsində 16 nəfər Şəki məktəblisi 10 layihə ilə finala çıxmışlar. Həmçinin fənn olimpiadalarının yarımfinalına vəsiqə qazanmış 75 məktəblidən 43-ü I, II və III yerləri tutmuşlar. 17 nəfər isə finalda iştirak etmək hüququ qazanmışdır. Nəticələrə görə 9 nəfər gümüş və bürünc medallarla təltif olunmuşdur. 58 nəfər şagirdin hamısı İstedad bankına daxil edilmişdir. Bu şagirdlər Şəkinin 37 məktəbinin şagirdləridir.
Son zəng mərasimləri məktəblilərin hazırladıqları rəngarəng bədii proqramlarla davam etmişdir.