Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili sənətkarların əl işləri ölkəmizə gələcək turistlərin marağına səbəb olacaq

01 iyun 2015 | 15:00

“Bakı-2015” birinci Avropa Oyunlarının başlanmasına az bir müddət qalır. Bu möhtəşəm idman tədbiri paytaxt Bakı ilə yanaşı, bölgələrin də turizm potensialının tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Oyunların vaxtı yaxınlaşdıqca, ölkənin turizm mərkəzlərindən biri olan Şəkinin sənətkarlarında, eləcə də turizm sektorunda böyük canlanma hiss olunur. Oyunlar ərəfəsində və yarış günlərində respublikamıza minlərlə turistin gələcəyini, o cümlədən xarici turistlərin Şəkiyə gözlənilən səfərlərini nəzərə alaraq, sənətkarlar öz yaradıcılıq fəaliyyətlərini bu istiqamətdə qurmağa səy göstərirlər.
AZƏRTAC-ın müxbiri Şəki şəhərinin “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndə fəaliyyət göstərən yerli sənətkarlarla görüşüb, onların bu Oyunlara verəcəkləri töhfələrlə maraqlanıb. Həqiqətən də, bu el sənətkarlarının son dövrlərdə hazırladıqları əl işlərində, suvenir-hədiyyələrdə birinci Avropa Oyunlarının rəmzlərinə – alov, nar, ceyran təsvirlərinə daha çox yer ayrılır.
Şəbəkə ustası Hüseyn Hacımustafazədə hazırda birinci Avropa Oyunlarının rəmzi olan narın kürə şəklində forması üzərində işləyir. Dediyinə görə, yaxın günlərdə bu mürəkkəb iş tamamlanacaq. Şəbəkə ustası birinci Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən yarış günlərində paytaxtda təşkil olunacaq sərgiyə də dəvət alıb. Ustanın dediyinə görə, o, bu sərgidə Avropa Oyunlarına həsr etdiyi şəbəkə nümunələrini nümayiş etdirəcək. Sərgiyə baxanlar şəbəkənin hazırlanması prosesi ilə də tanış ola biləcəklər.
Təkəlduz sənəti ilə məşğul olan gənc sənətkar Vəfa Mustafayeva da bu Oyunlara səylə hazırlaşır. Hər bir xalqın adətən mədəniyyəti və incəsənəti ilə dünyada tanındığını vurğulayan sənətkar bildirib ki, əl işlərində milliliyə üstünlük verir. Turistlərin marağını nəzərə alaraq V.Mustafayeva indi daha çox Avropa Oyunlarının rəmzlərinin əks olunduğu xırda suvenirlər hazırlayır. Sənətkar bədii tikmələrində narın, ceyranın, həmçinin Şəki xanları sarayının divarlarında olan təsvirlərə üstünlük verir. Gənc sənətkar turistlərin daha çox maraq göstərdikləri araxçınların üzərinə Oyunların rəmzlərini, həmçinin milli buta naxışlarını toxuyur. V.Mustafayeva da bacısı ilə birlikdə Oyunların keçiriləcəyi günlərdə Bakıda təşkil olunacaq sərgilərə dəvət alıb.
Milli musiqi alətləri ustası Mahir Vələdov da xırda suvenirlərin hazırlanmasına üstünlük verir. Ustanın dediyinə görə, xarici turistlər daha çox milli musiqi alətlərinin kiçik ölçülü modelləri ilə maraqlanırlar. Usta Bakıda təşkil olunacaq sərgilərə birinci Avropa Oyunlarının rəmzləri əks olunan və ağac üzərində oyma üsulu ilə hazırladığı kiçik ölçülü əl işlərini də aparacaq.
Təkəlduz ustası Səkinə Paşayeva da bədii tikmələrində Avropa Oyunlarının rəmzləri olan nar, ceyran, alov təsvirlərinə xüsusi yer ayırır. Sənətkarın dediyinə görə, yerli və xarici turistlər kiçik ölçülü bədii tikmə və araxçınlarla daha çox maraqlanırlar. Digər sənətkarlar kimi, o da çalışır ki, hazırladığı sənət nümunələri turistlərin xoşuna gəlsin.
Bir sözlə, birinci Avropa Oyunları mövzusu şəkili sənətkarların yaradıcılığına da öz təsirini göstərməkdədir.

Keçidlər