Şriftin ölçüsü :

Saytın rəngi :

AMEA Şəki Regional Elmi Mərkəzinin yaradılmasının 40 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir

19 dekabr 2012 | 16:00

Dekabrın 18-də Şəki Şəhər İcra Hakimiyyətində Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin yaradılmasının 40 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Yubiley tədbirində AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, AMEA Rəyasət Heyətinin üzvləri, qurumun bir sıra institut və təşkilatlarının rəhbərləri, habelə şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları foyedə Şəki Regional Elmi Mərkəzinin fəaliyyətini əks etdirən stendlərlə tanış olmuşlar.
Konfransı şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq Regional Mərkəzin 40 illik yubileyinin Şəkinin elmi və mədəni həyatında çox mühüm hadisə, əlamətdar bayram olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, AMEA-nın yaranması Azərbaycan xalqının milli fikir və mədəniyyətinin formalaşmasında, inkişafında mühüm rol oynamışdır. Görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə AMEA-ya, onun əməkdaşlarına daim xüsusi diqqət və qayğı göstərmişdir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaradılması Şəki-Zaqatala iqtisadi zonasının elmi əsaslarla inkişafına qayğının ifadəsi idi. Qırxillik fəaliyyəti dövründə Şəki Regional Elmi Mərkəzi bu diqqətə və etimada layiq elmi struktur kimi özünü təsdiqləyə bilmişdir.
Akademik Mahmud Kərimov bildirmişdir ki, Şəki-Zaqatala bölgəsinin iqtisadiyyatının və mədəniyyətinin daha da inkişaf etdirilməsi üçün cari məsələlərin həlli məqsədi ilə Şəki şəhərində AMEA-nın Kompleks Zona Elmi Bazasının yaradılmasından 40 il keçir. AMEA Rəyasət Heyətinin 1972-ci il 14 aprel tarixli qərarı ilə Şəki Kompleks Zona Elmi Bazasına həvalə olunmuş problemlər mövcud potensiala əsaslanaraq uğurla araşdırılmış, sanballı elmi nəticələr əldə edilmiş və beləliklə, bu elmi müəssisə davamlı mövcudolma haqqını qazanmışdır. Fəaliyyəti dövründə bu müəssisə elmi tədqiqat arealını xeyli genişləndirmiş, laboratoriyalarının sayını tədqiqat tələbatına və məzmununa uyğun olaraq artırmış, nəhayət Regional Elmi Mərkəzə çevrilmişdir.
Şəki Regional Elmi Mərkəzinin direktoru, professor Zəkəriyyə Əlizadə Regional Elmi Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, mərkəzin əməkdaşları çoxşaxəli elmi tədqiqatla məşğul olaraq dəyərli nəticələr əldə etmişlər. Mərkəzin elmi əməkdaşlarının yerli bitki və heyvanat aləmi ehtiyatlarının öyrənilməsi və istifadə edilməsi, təbiət abidələrinin bərpası, torpaqların məhsuldarlığının yüksəldilməsi və eroziyadan qorunması, meşə bitkilərinin inkişaf etdirilməsi, sel axınları ilə mübarizə, Böyük Qafqazın cənub yamacı zonasının yeraltı sərvətlərinin sonrakı perspektivlərinin aşkar edilməsi, tut ipəkqurdunun məhsuldar cinslərinin yetişdirilməsi, folklor, memarlıq və el sənəti nümunələrinin öyrənilməsi və digər sahələrdə elmi nəticələri xüsusi dəyərə malikdir. Mərkəzin əməkdaşları müxtəlif səviyyəli elmi konfrans, simpozium və müşavirələrdə fəal iştirak etmişlər. Elmi Mərkəzdə aparılan elmi-tədqiqat işləri nəticəsində 3 elmlər doktoru və səkkiz elmlər namizədi dissertasiya müdafiə etmişdir.
Konfransda AMEA Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, AMEA-nın müxbir üzvləri Adil Qəribov, Fəxrəddin Qədirov, akademik Arif İsmayılzadə çıxış edərək Şəki Regional Elmi Mərkəzinin qırxillik fəaliyyətini yüksək qiymətləndirmiş, mərkəzin əməkdaşlarına gələcək elmi fəaliyyətlərində uğurlar arzulamışlar.
AMEA-nın prezidenti Mahmud Kərimov Rəyasət Heyətinin qərarına əsasən Elmi Mərkəzin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim etmişdir. Mərkəzin rəhbərinə şəhər icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
 

Keçidlər