Şəkidə peşəkar kulinar Cabir Xəlifəzadənin 80 illiyi qeyd edilib
Peşəkar kulinar, şair-publisist Cabir Xəlifəzadənin (Hacı Cabir) anadan olmasının 80 illiyi iyunun 2-də doğulub boya-başa çatdığı Şəki şəhərində təntənə ilə qeyd olunub.
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən yubiley tədbirində şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyətin nümayəndələri, həmçinin yubilyarın ailə üzvləri və yaxınları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə foyedə Cabir Xəlifəzadənin müəllifi olduğu kitabların sərgisi ilə tanış olub, kulinarın həyat və fəaliyyətindən bəhs edən videoçarxı izləyiblər.
Yubiley tədbirində ömrünün 60 ilini kulinariya sahəsinə həsr edən Cabir Xəlifəzadənin milli mətbəx mədəniyyətimizin qorunub saxlanılması, inkişaf və təbliğ etdirilməsi sahəsindəki xidmətlərindən ətraflı bəhs olunub.
Cabir Xəlifəzadə xalqımıza məxsus süfrə mədəniyyətini böyük ustalıqla nümayiş etdirən, milli kulinariya sahəsində mühüm xidmətləri olan ziyalılarımızdandır. 1935-ci ildə Şəkidə anadan olan Hacı Cabir uzun illər Bakı şəhərində ictimai iaşə sahəsində çalışıb. O, 40 ildən artıqdır ki, dünyanı ölkə-ölkə, diyar-diyar gəzib dolaşaraq, xalqımızın qiymətli milli sərvəti olan mətbəx mədəniyyətimizi yorulmadan təbliğ edir.
Cabir Xəlifəzadə tanınmış kulinar, peşəsinin mahir bilicisi olmaqla bərabər, həm də Azərbaycan Respublikası Jurnalistlər Birliyinin, həmçinin Ağsaqqallar Şurasının üzvüdür. Onun elmi-kütləvi, bədii, eləcə də kulinariya və sağlamlıq məsələləri haqqında 20 kitabı işıq üzü görüb. Müəllifi olduğu kitablarda xalqımızın kulinariya-aşçılıq sənəti, süfrə mədəniyyəti, qidalanmanın insanların sağlamlığına və uzun ömürlülüyünə təsiri barədə dəyərli məlumatlar, bir sıra qədim unudulmuş xörəklərin reseptləri, xörəklərin hazırlanması texnologiyası və faydalı məsləhətlər özünə yer alıb.
Cabir Xəlifəzadənin çoxsahəli fəaliyyətini təkcə kulinariya ilə məhdudlaşdırmaq olmaz. O, qələmini poeziya və publisistika sahəsində də sınayıb, yazdığı əsərlər oxucular tərəfindən maraqla qarşılanıb. Peşəkar kulinar səmərəli əmək fəaliyyətinə görə dövlətimiz tərəfindən bir sıra orden və medallarla, döş nişanı, fəxri fərman və diplomlarla təltif olunub.
Yubiley tədbirində Azərbaycan mətbəx mədəniyyətinin qorunub saxlanılması və təbliği sahəsindəki xidmətlərinə və anadan olmasının 80 illiyi münasibətilə Hacı Cabir Xəlifəzadəyə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə Cabir Xəlifəzadə çıxış edərək yubileyin keçirilməsinə göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.
Yubiley tədbiri bədii proqramla başa çatıb.
Sonda tədbir iştirakçılarına Cabir Xəlifəzadənin kitabları hədiyyə olunub.