Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki-Zaqatala bölgəsində XI sinif şagirdləri üçün buraxılış imtahanları 17 mərkəzdə aparılıb

08 iyun 2015 | 15:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 6-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonları və Mingəçevir şəhərinin orta ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
İmtahanların keçirilməsi üçün həmin şəhər və rayonlarda ümumilikdə 17 imtahan mərkəzi yaradılıb. İmtahanlarda 7255 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanlara 54 nəfər imtahan rəhbəri və 566 nəzarətçi-müəllim cəlb olunub.
Şəki şəhərində buraxılış imtahanları 8, 12 və 20 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İmtahan mərkəzlərində şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb. Burada imtahanlar 13 nəfər imtahan rəhbəri və 142 nəzarətçi-müəllim tərəfindən idarə olunub.
Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə buraxılış imtahanları təlimata uyğun olaraq saat 15-də başlanıb. İmtahanların keçirilməsi üçün binada 21 zal ayrılıb. 506 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 4 imtahan rəhbəri və 41 nəzarətçi-müəllim cəlb edilib.
İmtahan rəhbəri Yusif Rəhimovun verdiyi məlumata görə, bu mərkəzdə buraxılış imtahanı Azərbaycan bölməsi üzrə keçirilib. İmtahan ana dili, riyaziyyat və xarici dil fənləri üzrə aparılıb. Şagirdlərə hər fəndən 30, ümumilikdə 90 test tapşırığı verilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzuda yazı işi də yerinə yetiriblər. Test tapşırıqlarına 2 saat 15 dəqiqə, yazı işinə isə 30 dəqiqə vaxt ayrılıb. İmtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
TQDK-nın Şəki regional bölməsinin əhatə etdiyi şəhər və rayonların imtahan mərkəzlərində buraxılış imtahanları təlimata uyğun aparılıb və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.
Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq.

Keçidlər