15 İyun - Milli Qurtuluş, milli qürur günümüzdür
İyunun 13-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Şəhər 10 №-li tam orta məktəbin akt zalında keçirilən tədbrdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbirdə “Qurtuluş günündən başlanan böyük yol: tarixi şəxsiyyətlər yaradır” mövzusunda məruzə dinlənilib. Məruzədə Ümummilli Lider Heydər Əliyevin 1969-cu lildə ilk dəfə siyasi hakimiyyətə gəldikdən sonra respublikada əldə olunmuş nailiyyətlərdən söz açılıb, 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunub, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldiyi vurğulanıb.
Çıxışlarda Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edilib, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Bildirilib ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.
Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzuna ən bariz nümunədir.