Şəkidə keçirilən zona müşavirəsində təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələr müzakirə olunub
İyunun 24-də Şəki şəhərində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib.
Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə keçirilən müşavirədə Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Ağdaş, Zərdab rayon, Şəki və Mingəçevir şəhər təhsil şöbələrinin əməkdaşları və pedaqoji ictimaiyyət iştirak edib.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova açıb.
Müşavirədə Təhsil Problemləri İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun və İnstitutun əməkdaşlarının mövzu ilə bağlı məruzə və çıxışları dinlənilib.
Dövlət Strategiyası və onun həyata keçirilməsi ilə bağlı vəzifələr, 12 illik təhsilə keçid, metodik mərkəzlərin fəaliyyətinin yenidən qurulması, innovativ təlim və idarəetmə metodlarının tətbiqi, müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi, istedadlı uşaqlarla işin istiqamətləri, şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı qarşıya çıxan çətinliklər, onların aradan qaldırılması yolları və digər məsələlər barədə geniş müzakirələr aparılıb.