Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhər icra hakimiyyəti başçısının sahibkarlarla görüşü keçirilmişdir

20 dekabr 2012 | 16:00

Dekabrın 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubovun şəhərdə fəaliyyət göstərən yerli sahibkarlarla görüşü olmuşdur. Tədbirdə, həmçinin vergi və hüquq mühafizə orqanlarının, İqtisadi İnkişaf Nazirliyinin regional şöbəsinin, əlaqədar idarə, müəssisə və təşkilatların rəhbər və məsul nümayəndələri iştirak etmişlər.
Görüşdə tədbirin yerli sahibkarların fəaliyyəti ilə daha yaxından tanış olmaq, qarşılaşdıqları problemlərin həlli yollarını birgə müzakirə etmək, eləcə də qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədi daşıdığı bildirilmişdir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində Azərbaycanda sahibkarlar üçün çox əlverişli şərait yaradılmışdır. Dövlətimiz tərəfindən sahibkarlığın inkişafı istiqamətində düşünülmüş siyasət aparılır. Bu, həm iqtisadi inkişaf, həm də sosial təminatdır. Eyni zamanda, işsizliklə, yoxsulluqla mübarizədir, iqtisadiyyatın şaxələndirilməsi, ölkə potensialının gücləndirilməsidir.
Bildirilmişdir ki, ölkəmizdə sahibkarlara həm dövlət və maliyyə dəstəyi, həmçinin texniki və intellektual dəstək göstərilir. Sahibkarlar onlar üçün yaradılan bu imkandan səmərəli şəkildə istifadə etməlidirlər.
Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflərdən biri əhalinin ərzaq təhlükəsizliyini tam şəkildə daxili imkanlar hesabına təmin etməkdir. Hazırda Şəki rayonu üzrə 3924 sahibkarlıq subyekti fəaliyyət göstərir. Cari ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 27 sahibkara 330 min manat güzəştli kredit verilmişdir. 2012-ci ilin 9 ayında rayonda istehsal və qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyaların ümumi məbləği 77,9 milyon manat olmuşdur. Bu, 2011-ci ilin eyni dövrü ilə müqayisədə 69 faiz çoxdur.
Görüşdə 4 saylı Ərazi Sınaq və Sertifikatlaşdırma İdarəsinin, şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq İdarəsinin rəhbərləri çıxış edərək sahibkarlara istehsal etdikləri ərzaq və qeyri-ərzaq məhsullarının mövcud normativ tələblərə və standartlara uyğunlaşdırılması ilə bağlı tövsiyələrini vermişlər.
Sahibkarlar çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə, həmçinin Şəki şəhərində müasir standartlara uyğun ət kəsimi məntəqələrinin yaradılması, çörək və un məmulatları istehsal edən zavodun tikilməsi, yun tədarükü və emalı, yun sapın istehsalı, rənglənməsi, yun sapdan parça və xalçaların istehsalı üzrə kompleks müəssisənin, müasir tələblərə cavab verən yem istehsalı müəssisəsinin yaradılması və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
 

Keçidlər