Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki kəlağayısına maraq həmişə yüksək olub

25 iyun 2015 | 15:00

İpəkçilik bütün dövrlərdə şəkililərin həyatında, məişətində özünəməxsus yer tutub. Şəki orta əsrlərdə nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab olunurdu. Bu qədim diyar öz ipəyi ilə bütün dünyada məşhurlaşmışdı. Şəkili sənətkarların xam ipəkdən hazırladıqları al-əlvan kəlağayılar, zərif parçalar dünyanın bir sıra ölkələrinə ixrac olunurdu.
Şəki bu gün də öz ipəkçilik məhsulları ilə tanınır. Bu şəhərdə fəaliyyət göstərən “Şəki-İpək” ASC respublikamızın ən böyük sənaye müəssisələrindən biridir. Bu müəssisə 1931-ci ildən Şəkidə fəaliyyət göstərən İpək Kombinatının bazasında yaradılıb. Hazırda “Şəki-İpək” ASC-də 6 istehsal sahəsi – baramaaçan, toxucu, boyaq-bəzək, pambıq əyirici, burucu və xalça istehsalı sahələri fəaliyyət göstərir.
AZƏRTAC-ın müxbiri müəssisənin boyaq-bəzək istehsalatında olub, sexin fəaliyyəti ilə maraqlanıb. Burada Azərbaycan qadınlarının ənənəvi baş örtüyü olan ipək kəlağayı istehsal olunur.
İstehsal sahəsinin meneceri Qüdrət Quliyevin bildirdiyinə görə, Şəkidə kəlağayıçılığın çox qədim tarixi var. Bu sənət nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb. Azərbaycan qadınının, qız-gəlinlərin ismət, həya, xanımlıq simvolu sayılan kəlağayı müasir dövrümüzdə də öz dəyərini qoruyub saxlayır.
Müsahibimiz deyib ki, Şəki kəlağayısına tələbat həmişə yüksək olub. Əvvəllər kəlağayı şəhərdəki İpək Kombinatına məxsus kustar sexlərdə hazırlanırdı. Kəlağayıya olan tələbatı nəzərə alaraq 2002-ci ildə “Şəki-İpək” ASC-nin nəzdində ayrıca istehsal sahəsi – kəlağayı sexi yaradılır, şəhərdəki kustar sexlərin fəaliyyəti isə dayandırılır.
İstehsalçının sözlərinə görə, əvvəlki dövrlərdə kəlağayı yalnız bişirilib ağardılmış şəkildə, yəni naxış vurulmadan, boyanmadan xaricə satılırdı. O vaxtlar sexdə ay ərzində 20-30 min ədəd sadə kəlağayı istehsal olunurdu. Bir müddət sonra müəssisədə boyaq-bəzək istehsal sahəsi yaradılır və artıq ipək kəlağayıların naxışlanmasına və müxtəlif rənglərlə boyanmasına başlanılır.
Hazırda kəlağayının hazırlanması prosesi bütünlüklə müəssisənin daxilində həyata keçirilir. Bu proses bir neçə mərhələdən ibarət olmaqla, xeyli zaman tələb edir. Müəssisədə istehsal olunan ipək sap burulduqdan sonra toxucu istehsalatına göndərilir. Sexdə quraşdırılmış müasir dəzgahlarda toxunan yüksək keyfiyyətli nazik ipək parça daha sonra kəlağayı üçün lazım olan ölçülərdə doğranaraq boyaq-bəzək istehsalatına ötürülür. Bu sexdə ipək parça əvvəlcə soda qatılmış qaynar suda bişirilir, tərkibindəki yapışqan və digər maddələr təmizlənir. Sonra soyuq suda yüngülcə yaxalanaraq qurudulur. Daha sonra kəlağayıya naxış vurulması mərhələsi başlanır.
Naxış vurma sexində çalışan Gülnarə Hüseynova, Ülkər Bağbanlı və Məhəbbət İsmayılova 40 ilə yaxındır ki, bu işlə məşğuldurlar, öz peşələrinin mahir ustalarıdırlar. Hər biri gün ərzində 30-35 ədəd kəlağayıya naxış vurur. Sexdə kəlağayının yeləni (haşiyəsi), xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbatı naxışlarla bəzədilir. Naxış vurularkən taxta və dəmirdən hazırlanmış xüsusi qəliblərdən istifadə edilir. Qəliblər hazırlanarkən milli ornamentlərə, xüsusilə buta formasında olan naxışlara, həmçinin tac, gül, çiyələk formalı naxışlara üstünlük verilir. Dizayner Teymur Səfərovun bildirdiyinə görə, kəlağayılara naxış vurulması üçün indiyədək yüzlərlə qəlib hazırlayıb.
Naxış vurulduqdan sonra kəlağayı boyama sexinə ötürülür. Burada əsasən təbii boyalara üstünlük verilir, kimyəvi maddələrdən hazırlanmış boyalardan az istifadə olunur.
Hazırda “Şəki-İpək” ASC-nin boyaq-bəzək istehsalatında 35 nəfər işçi çalışır. Sexdə ay ərzində 2 minədək naxışlanmış, həmçinin 20 minədək bişmiş kəlağayı istehsal olunur. Bişmiş kəlağayılar əsasən xaricə göndərilir. Naxışlanmış kəlağayılar isə ölkənin daxili bazarlarında, həmçinin müəssisəyə məxsus mağazalarda satılır.
İstehsalçı Qüdrət Quliyev qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri və fəaliyyəti nəticəsində 2014-cü ilin noyabrında Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra kəlağayıya olan maraq daha da artıb.
Onun sözlərinə görə, Şəki kəlağayısına birinci Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana qonaq gələn xarici ölkə turistləri tərəfindən də böyük maraq var. Bunu nəzərə alaraq, sexdə Oyunların atributları əks olunmuş xüsusi kəlağayılar hazırlanaraq Bakı şəhərinə göndərilib.

Keçidlər