Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalına son hazırlıq işləri görülür
Xəbər verdiyimiz kimi, iyulun 1-də Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı açılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək musiqi bayramında bir sıra xarici ölkələrin, eləcə də Azərbaycanın musiqi kollektivləri, ölkəmizdə yaşayan azsaylı xalqların xor, mahnı və rəqs ansamblları iştirak edəcək.
Hazırda Şəkidə festivala son hazırlıq işləri görülür. Tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif guşələrində festivalla bağlı reklam lövhələri quraşdırılıb.
Festival çərçivəsində ilk konsert iyulun 1-də günün ikinci yarısında Şəki xanlarının sarayının həyətində keçiriləcək. Konsertdə Yaponiyanın “Kamiqata Sumiyosi Kai” ansamblı Şəki musiqisevərlərini öz milli musiqiləri ilə tanış edəcək. Həmin gün axşam saatlarında şəhərdəki Yay teatrında festivalın təntənəli açılış mərasimi olacaq. Mərasimdə Türkiyənin “Çukurova Semfoni” simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək.
Festivalın proqramına uyğun olaraq, növbəti günlərdə Polşadan gəlmiş musiqi qrupu, Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivləri, həmçinin yerli musiqiçilər tamaşaçılar qarşısında rəngarəng konsert proqramı ilə çıxış edəcək.
Beynəlxalq musiqi festivalı iyulun 5-də başa çatacaq.