Şəki “İpək yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində musiqisevərlərə ilk konsert təqdim olundu
İyulun 1-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramına - Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalına start verilib.
Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalda bir sıra xarici ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, ölkəmizdə yaşayan azsaylı xalqların folklor, mahnı və rəqs ansamblları iştirak edirlər.
iyulun 1-də festivalın ilk konserti reallaşıb. Belə ki, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki xanları sarayının həyətində Yaponiyanın “Kamiqata sumiyoşi kai” ansamblının çıxışı olub.
Məlumat verilib ki, konsertdə “Kamiqata rakuqo” sənət növü nümayiş etdirilib. “Rakuqo” sənəti Edo dövründə yaranıb və Yaponiyanın ənənəvi incəsənət növüdür. İfaçıların təqdim etdiyi “Daikaqura” rəqsi əvvəllər Tanrıya ithaf olunurdu. Yaponlar əkinçiliklə məşğul olan bir xalq kimi, bu rəqs vasitəsilə bol məhsula görə Tanrıya şükr edib, arzu-diləklərini bildirirdilər.
Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, sənət adamları, musiqisevərlər, şəhər ictimaiyyətinin nümayəndələri konsertə tamaşa ediblər.
Ansamblın üzvlərinin təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim olunub.