Okan Urşan: Orkestrimizlə Azərbaycana yenidən gəlməyi və burada konsertlər verməyi çox arzulayırıq
Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının açılışını bizim orkestrimiz etdi. Biz buna çox şadıq. Festivala Türkiyənin Adana şəhərindən qatılmışıq. Altı ay əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri, bəstəkar Firəngiz Əlizadənin əsərləri ilə Adanada geniş konsert verdik.
Bu sözləri Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalında iştirak edən Türkiyənin Adana şəhərinin “Çukurova” Dövlət Simfonik Orkestrinin rəhbəri Okan Urşan jurnalistlərə müsahibəsində deyib.
Orkestrin Azərbaycana ilk dəfə səfər etdiyini bildirən türkiyəli qonaq Şəkinin çox gözəl şəhər olduğunu vurğulayıb. Okan Urşan deyib: “Mən keçən həftə Bakıda oldum. Paytaxtınız çox müasir şəhərdir. Bundan çox qürur duydum və sevindim. Orkestrimizlə Azərbaycana yenidən gəlməyi və burada gözəl konsertlər verməyi çox arzulayırıq”.