Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Şəki Musiqi Kollecinin müəllim və tələbələri ilə görüşüblər
Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 2-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Şəki Musiqi Kollecinin müəllim və tələbələri ilə görüşüblər.
Bəstəkarlar İttifaqının üzvləri əvvəlcə kollecin tələbələrinin və şəhərdəki musiqi məktəblərində təhsil alan şagirdlərin ifalarını dinləyib, tövsiyələrini bildiriblər.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə uğurla davam edən beynəlxalq musiqi festivalı çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, ənənəvi olaraq keçirilən bu festivallar Şəkini dünyaya tanıdır, musiqimizi nümayiş etdirir. Festivalın bədii rəhbəri əvvəlki festivallardan ötən dövr ərzində kollecin tələbələrinin musiqi bacarığının daha da artdığını vurğulayıb.
Görüşün sonunda Firəngiz Əlizadə Bəstəkarlar İttifaqı tərəfindən yeni nəşr olunmuş Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığından bəhs edən kitabçaları kollecə hədiyyə edib.