Şriftin ölçüsü :

Saytın rəngi :

“İpək Yolu” festivalı çərçivəsində “Zirvə” ansamblının konserti olub

04 iyul 2015 | 15:00

Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində Yay teatrında Şəkinin “Zirvə” ansamblının konserti olub.
Konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, festivala dəvət olunmuş qonaqlar, musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl məlumat verilib ki, respublikamızın tanınmış musiqi kollektivlərindən olan “Zirvə” xalq instrumental ansamblı 1972-ci ildə Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına mərkəzi mədəniyyət evinin nəzdində yaradılıb. Ötən əsrin 70-ci illərindən başlayaraq kollektiv respublikamızın bir çox şəhər və rayonlarında, həmçinin keçmiş sovet respublikalarının müxtəlif şəhərlərində konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. Xalq yaradıcılığına həsr olunan müxtəlif müsabiqələrin laureatı olan “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin “Eşmə” şəhərində keçirilən “Sənət və kilim” festivalında ölkəmizi layiqincə təmsil edib. Kollektiv ədəbiyyat və incəsənət xadimləri, tanınmış musiqiçi və müğənnilərin iştirakı ilə müxtəlif yaradıcı tədbirlərdə çıxış edib. “Zirvə” ansamblı öz yaradıcılıq dəst-xətti və ifaçılıq mədəniyyəti ilə ümumxalq məhəbbəti qazanıb.
Hazırda ansambla Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbov rəhbərlik edir.
Ansamblın solistlərindən Anar Həsənli, Azər İskəndərov, Elvin Əhmədov, Seymur Qasımzadə, Məlahət Mahmudova və başqalarının ifa etdikləri görkəmli Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

Keçidlər