Şriftin ölçüsü :

Saytın rəngi :

Festivalda azsaylı xalqların folklor kollektivlərinin iştirakı ölkəmizdə mövcud olan multikulturalizm ənənələrinin əyani sübutudur

04 iyul 2015 | 15:00

Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalının tarixində ilk dəfə olaraq Azərbaycanda yaşayan müxtəlif xalqların, etnik qrupların folklor kollektivləri iştirak edirlər. Bu kollektivlər festivalda öz folklor nümunələrini, el mərasimlərini, mahnı və rəqslərini nümayiş etdirirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi azsaylı xalqların kollektivlərinin festivaldakı iştirakının təmin olunmasında və konsertlərinin təşkilində bilavasitə iştirak edir və təşkilati dəstək göstərir.
Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin baş məsləhətçisi Rəşad İlyasov jurnalistlərə müsahibəsində deyib.
Mərkəzin nümayəndəsi bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2014-cü ildə yaradılan və artıq bir ildir fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda yaşayan müxtəlif xalqların tarixi, ədəbiyyatı, folklor nümunələrinin tədqiqi və təbliği istiqamətində məqsədyönlü iş aparır. Rəşad İlyasov deyib: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, multikulturalizm Azərbaycanda həyat tərzidir. Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində reallaşan azsaylı xalqların folklor kollektivlərinin konserti də ölkəmizdə tarixən mövcud olan multikulturalizm ənənələrinin əyani sübutudur. Festivalda azsaylı xalqların folklor kollektivlərinin iştirakı bir daha göstərir ki, Azərbaycanda müxtəlif xalqlar, etnik qruplar sülh və barış içərisində yaşayaraq, multikultural mühitin tərkib hissəsi kimi, ölkəmizin və cəmiyyətimizin inkişafı üçün öz töhfələrini verirlər”.

Keçidlər