Azərbaycanda yaşayan azsaylı xalqların folklor kollektivləri Şəki “İpək yolu” VI Beynəlxalq musiqi festivalında daha bir konsert proqramı ilə çıxış edib
Uğurla davam edən Şəki “İpək yolu” VI Beynəlxalq musiqi festivalının dördüncü günündə “Yuxarı Karvansaray” mehmanxana kompleksində tamaşaçılara Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələri, mahnı və rəqslərindən ibarət daha bir konsert proqramı təqdim olunub.
Konsert Qəbələ rayonunun Nic kəndindəki udilərin “Bulaq” Mədəniyyət Mərkəzinin “Cəngi” musiqi qrupunun çıxışı ilə başlanıb.
Sonra səhnəyə Astara rayonunun Kakalos kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Əvəsor” talış xalq folklor kollektivi çıxıb. Bu kollektiv respublikamızda və xarici ölkələrdə keçirilən tədbirlərdə, festivallarda fəal iştirak edir. Kollektivin repertuarında “Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə”, “Lay-lay”, “Xınayaxdı”, “Dili-dili” və digər folklor nümunələri vardır. Kollektivin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Zaqatala rayonunda yaşayan azsaylı xalqların nümayəndələri bu festivalda 3 folklor kollektivi ilə təmsil olunub. Rayonun Suvagil kənd mədəniyyət evinin “Ceyranım” saxur xalq folklor kollektivinin, Əliabad qəsəbəsində yaşayan ingiloyların “Əliabadım” və Danaçı kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Alazan” avar rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda bütün iştirakçılar unudulmaz müğənni Müslüm Maqomayevin ifasında məşhur “Azərbaycan” mahnısının sədaları altında yenidən səhnəyə çıxıblar.
Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından konsertdə iştirak edən kollektivlərə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, bir gün əvvəl də bu tarixi məkanda ölkəmizdə yaşayan tat, tatar, kürd, rus, ləzgi və ahısqa türklərinin folklor kollektivləri maraqlı və rəngarəng konsert proqramı ilə tamaşaçılara xoş anlar bəxş ediblər.