Şəkidə Prezident Kuboku uğrunda VII çövkən milli oyunu üzrə yarışlar başlamışdır
Şəkinin Daşüz kəndində yerləşən respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VII çövkən milli oyunu üzrə yarışlar başlamışdır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizə aparır.
Dekabrın 19-da Atçılıq Turizm Mərkəzində oyunların təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirdə şəhər rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndələri, qonaqlar, habelə yerli azarkeşlər iştirak etmişlər.
Mərasimində qeyd olunmuşdur ki, 2006-cı ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan milli atüstü oyunların qorunub saxlanılması, qədim atçılıq ənənələrinin bərpası, habelə ölkəmizdə atçılıq turizminin təbliği və inkişaf etdirilməsi məqsədi daşıyır.
Musiqi kollektivlərinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək meydana daxil olmuşlar.
Sonra tamaşaçılar çövkən oyunu üzrə Şəki və Zaqatala komandalarının oyununu izləmişlər. Qarşılaşma 3:0 hesabı ilə Şəki komandasının xeyrinə başa çatmışdır.
Dekabrın 17-18-də keçirilən seçmə oyunlarda aşağıdakı nəticələr qeydə alınmışdır: İsmayıllı-Tovuz- 1:0, Goranboy-Daşkəsən- 1:0, Yevlax-Bərdə- 1:0, Göygöl-Qəbələ- 1:0, Zaqatala-İsmayıllı- 1:0, Qax-Goranboy- 2:0, Ağcabədi-Yevlax- 4:1, Oğuz-Göygöl- 6:0. Qalib komandalar çıxışlarını davam etdirirlər. Uduzan komandalar isə yaylıq, sür-papaq və papaq oyunları üzrə yarışırlar. Yaylıq oyunları üzrə yarışlar artıq başa çatmışdır. Bu yarışlarda Bərdə, Qəbələ və Daşkəsən atçıları fərqlənmişlər. Papaq oyunu üzrə yarımfinal və final oyunları dekabrın 20-də, çövkən oyunu üzrə yarımfinal və final qarşılaşmaları isə dekabrın 21-22-də keçiriləcəkdir.
Prezident Kuboku uğrunda VII çövkən milli oyunlarına dekabrın 22-də yekun vurulacaqdır.