Firəngiz Əlizadə: “İpək Yolu” festivalının ən böyük özəlliyi onun Şəki şəhərinə bağlı olmasıdır
“İpək Yolu” Beynəlxalq musiqi festivalının ən böyük özəlliyi ondadır ki, bu festival birbaşa Şəki şəhərinə bağlıdır. Bu qədim şəhərdə 84 tarixi memarlıq abidəsi var. Onların bir çoxu bərpa olunub, bəzilərində bərpa işləri davam etdirilir. Konsertlərimiz əsasən bu memarlıq abidələrinin önündə keçirilir. Bu, həm də çox gözəl təbliğatdır. Turistlər gəlirlər, görürlər, konsertlərdə iştirak edirlər. Görürlər ki, bu tarixi məkanlarda konsertlər də vermək olar, opera əsərləri də oynanıla bilər. Bakıda belə tarixi məkanlar İçərişəhərdən başqa heç yerdə yoxdur. Bu mənada, Şəki belə festivalların keçirilməsi üçün çox gözəl məkandır. Festivalımızın əsas özəlliyi də elə bundadır.
Bu fikirləri Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə AZƏRTAC-a müsahibəsində bildirib.
Firəngiz Əlizadə deyib ki, artıq altıncı dəfədir Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalının öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb. Festival ilk gündən çox yaxşı start götürüb. Türk simfonik orkestrinin möhtəşəm başlanğıcından sonra bütün tədbirlər yüksək səviyyədə keçir. O deyib: “Festival hər dəfə yeni ideyalarla zənginləşir. Builki festivalın ən böyük hadisəsi tədbirdə Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi oldu. Festivalın proqramına uyğun olaraq, iyulun 3-də və 4-də ölkəmizdə yaşayan 11 xalqın nümayəndələri qədim memarlıq abidəsi olan “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində öz mərasimlərini, mahnı və rəqslərini nümayiş etdirdilər. Hər bir konsert “Azərbaycan” mahnısının sədaları altında başa çatdı. Bütün iştirakçılar sonda səhnədə cəmləşərək birlikdə bu mahnını oxudular. Onlar göstərdilər ki, Azərbaycanda azad şəraitdə yaşayır, öz folklor nümunələrini yaşadır, inkişaf etdirirlər”.
Konsertlərin təşkilinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də yaxından kömək göstərdiyini vurğulayan Firəngiz Əlizadə deyib: “Prezident İlham Əliyevin Sərəncamı ilə bir il əvvəl yaradılan bu Mərkəz Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin qorunması ilə bağlı çox mühüm işlər görür. Dövlətimiz tərəfindən böyük önəm verilən multikulturalizm və tolerantlıq prinsiplərini “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva çox dəqiq ifadə edib: “Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan bir ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir”. Bu fikir festivalımızın da məramına uyğundur və bizi ilhamlandırır. Fəxrlə deyə bilərəm ki, mən də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüyəm və bu təşkilatla Azərbaycan Bəstəkarlar İttifaqı arasında çox yaxşı əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın uğurlu bəhrələrini biz artıq festivalın gedişində də gördük. Şəkililərə təqdim olunan iki konsert, sözün əsl mənasında, ölkəmizdəki multikulturalizm təntənəsinin nümayişi oldu”.
Firəngiz Əlizadə “İpək Yolu” Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsinin təmin olunmasına görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib və bu musiqi bayramının uzun müddət şəkililərin yaddaşında xoş xatirə kimi qalacağını vurğulayıb.