Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Prezident Kuboku uğrunda VII çövkən milli oyunu üzrə yarışlar başa çatmışdır

25 dekabr 2012 | 16:00

Şəki rayonunun Daşüz kəndində yerləşən respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda VII çövkən milli oyunu üzrə yarışlar başa çatmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlarda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizə aparmışdır.
Dekabrın 22-də Atçılıq Turizm Mərkəzində yarışların təntənəli bağlanış mərasimi keçirilmişdir.
Tamaşaçılar əvvəlcə çövkən oyunu üzrə final qarşılaşmasını izləmişlər.
Final oyununda Ağdam və Ağstafa komandaları qarşılaşmışlar. Ağstafa komandası rəqibini 1:0 hesabı ilə məğlub edərək Prezident Kuboku uğrunda VII çövkən milli oyununun qalibi adını qazanmışdır. Üçüncü yeri Ağcabədi komandasını 3:1 hesabı ilə məğlub edən Şəki komandası tutmuşdur.
Bir gün əvvəl başa çatmış sür-papaq oyunu üzrə yarışlarda Balakən komandası birinci yerə çıxmışdır. Bu növ üzrə sonrakı yerləri Zaqatala, Oğuz və Qax komandaları tutmuşlar.
İsmayıllı komandası papaq, Bərdə komandası isə yaylıq oyunu üzrə yarışların qalibi adını qazanmışlar.
Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi olmuşdur. Bütün növlər üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunmuşdur. Çövkən milli oyununun qalibi Ağstafa komandasına isə yarışların baş mükafatı - Prezident Kuboku təqdim edilmişdir.
Yarış iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur. Müraciətdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və dirçəldilməsinə göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə olunmuşdur.
 

Keçidlər