Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki haqqında bilmədiklərimiz "Məftun edən şəhər" kitabında

16 iyul 2015 | 15:00

Azərbaycanın elə bölgələri, elə məkanları var ki, o yerlərdən nə qədər yazılsa yenə də azdı. Təkcə o yurdda yaşayanların deyil, hətta bir neçə günlük qonaq gəlmiş müsafirlərin də könül dünyasına hakim kəsilən belə gözəl məkanlarımızdan biri də Şəkidir. Qədim Azərbaycan şəhəri olan Şəkinin tarixi keçmişi nə qədər sirli-sehrlidirsə, müasir inkişafı da o qədər cəzbedici, maraqlıdır. Məhz bu səbəbdən də Mədəniyyət və Turizm Nazirliyi ilə "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinin tərəfdaşlığı əsasında "İrs" silsiləsi çərçivəsində nəşr olunan növbəti kitabın - Şəkinin maddi və mənəvi irsinə həsr olunmuş "Məftun edən şəhər" adlanması heç də təsadüfi deyil. Ona görə ki, Azərbaycanın bir parçası olan Şəki gözəl təbiəti, bənzərsiz təamları, səmimi insanları, zəngin maddi mədəniyyət nümunələri ilə doğurdan da hər kəsi məftun etməyi bacarır. Kitab Azərbaycan və rus dillərində çapdan çıxıb.
Layihənin rəhbəri və nəşrlərin baş redaktoru Musa Mərcanlı bildirib ki, "İrs" beynəlxalq jurnalı 10 ildən artıq müddətdir ki, Azərbaycandan kənarda ölkəmizin mədəni irsinin təbliği ilə məşğuldur: "Nəşrin əsas məqsədi Azərbaycanın mədəni irsini xarici ölkələrdə tanıtmaqdır. Amma bu istiqamətdə jurnal çıxarmaq azdır. Ona görə də qərara gəldik ki, Azərbaycanın mədəni irsinə həsr olunmuş silsilə kitablar hazırlayaq. "PAŞA Həyat Sığorta" və Mədəniyyət və Turizm Nazirliyi də bizim layihəyə dəstək verdilər. Hər iki qurumun rəhbərliyinə təşəkkürlərimi bildirirəm".
Kitabda şəhər və oradakı məbəd, qala, saray haqqında ayrıca bölmələr yer alıb. Kitaba yazılmış "Ön söz" əvəzi yazıda Şəkinin tarixi keçmişinə, müasir inkişafına maraqlı bir ekskursiya edilir: "Şəki rahat, füsunkar və müsbət mənada sadədir. Burada zamanın öz sakit axarı var, erkən orta əsrlərdən bəri görünüşü sanki dəyişməyən məhəllələrə düşdükdə isə zamanın ümumiyyətlə dayanması hissinə qapılırsan. Şəkidə həyat elə sakit və aramlıdır ki, sanki onun sakinləri dünyada yaşamış hər hansı sarsıntıdan daim uzaq olmuşlar. Hətta Şəki qalasının dişli divarları belə idillik mənzərənin məsum bəzəyi kimi görünür".
Nəfis tərtibatlı bu kitabı vərəqlədikcə Şəkini yenidən "kəşf" edirsən. Qədim və müasir Şəkini özündə əks etdirən bənzərsiz fotoşəkillər də insana bu yurdu yaxından tanımağa yardımçı olur.
Kitaba yazılmış "Son söz"də vurğulanır: "Bu kitab çox maraqlıdır, çünki həm region, həm də bütövlükdə dünya üçün böyük əhəmiyyət daşıyan hadisələrlə sıx bağlı olan Azərbaycanın ən qədim şəhərlərindən bir haqqında bəhs edir. Əfsanəvi Qafqaz Albaniyası və Böyük ipək yolunun mövcud olduğu qədim dövrlərə qədər gedib çıxan bu hekayə xristianlığın ilk əsrlərindən, ərəb xilafəti dövründən, İranın hökmranlıq etdiyi yüzilliklərdən keçərək, milli şüurun oyandığı qəhrəmanlıq çağını-şəkililərin Hacı Çələbinin rəhbərliyi altında İran zülmünə qarşı üsyanını, "Gələrsən-görərsən" qalasının cəsarətli müdafiəsini və müstəqil Şəki xanlığının yaranmasını işıqlandırır".
"Məftun edən şəhər"in son çağırışı da olduqca maraqlıdır: "Şəkiyə gəl, onu gör və sev".

Keçidlər