Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib

22 iyul 2015 | 15:00

İyulun 21-də Şəki Şəhər İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
Yığıncaqda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, rayonda faktiki qiymətlərlə 174 milyon 13 min manatlıq məhsul istehsal olunub. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 19,7 faiz artıb. Bu müddət ərzində pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətən 5,2 faiz artaraq 158 milyon 805 min manat təşkil edib. İlin birinci yarısında rayonda 949 yeni və daimi iş yeri açılıb.
Qeyd olunub ki, hesabat dövründə rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. İlin birinci yarısında 1004 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Hazırda rayonda 2008 ailə bu yardımı alır.
Bildirilib ki, “Kənd təsərrüfatı ili” elan edilən 2015-ci ilin ilk yarısında Şəkidə aqrar sahədə məhsul istehsalının artırılması, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər öz müsbət nəticəsini verib. Şəki taxılçıları cari ildə böyük uğura imza atıblar. Fermerlər payızlıq taxıl əkilmiş 62 min hektara yaxın sahədən 186 min ton məhsul götürüblər. Bu göstərici ötən illə müqayisədə 110 min ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil edib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq 2015-ci ildə rayonda ixracyönümlü iri fermer təsərrüfatlarının yaradılması istiqamətində işlərə başlanılıb. Orta Zəyzid bələdiyyəsinə aid ərazidə 78 hektar sahədə müasir texnologiyalar əsasında yeni aqropark yaradılıb. Burada meyvə bağı salınıb, eyni zamanda, məhsulun saxlanması, qablaşdırılması və emal olunması üçün zəruri işlər görülüb. Əldə olunacaq məhsulun daxili bazarda satışı ilə yanaşı, həm də xaricə ixracı nəzərdə tutulur. Aqroparkda 100-dən çox yeni iş yeri açılacaq.
Hesabat məruzəsində 2015-ci ilin birinci yarısında rayonda aparılan tikinti-quruculuq işlərindən də ətraflı bəhs edilib. Bildirilib ki, hazırda Baş Göynük kəndində 500, Baş Şabalıd və Göybulaq kəndlərində 180, Qoxmuq kəndində 750 şagird yerlik yeni məktəb binalarının tikintisi başa çatmaq üzrədir. Qaratorpaq kəndində 180 şagird yerlik məktəb binasının tikintisi davam etdirilir. Bundan əlavə, Heydər Əliyev Fondunun həyata keçirdiyi proqram çərçivəsində Şəkidə hər biri 100 yerlik 2 uşaq bağçasının tikintisində son tamamlama işləri görülür.
Yığıncaqda, həmçinin ilin birinci yarısında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər müzakirə olunub, qarşıda duran vəzifələrə toxunulub.

Keçidlər