Şəki taxılçıları ötən illə müqayisədə 110 min ton çox taxıl istehsal ediblər
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Şəki taxılçıları builki mövsümdə 62 min hektar sahədən 186 min tona yaxın məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 2,4 dəfədən çox, yəni 110 min ton artıb.
Tədarük olunan məhsulun 116 min 842 tonu buğda, 68 min tonu arpa, qalanı isə vələmirdir. Hər hektardan orta hesabla 30 sentner məhsul götürülüb. Məhsuldarlıq əvvəlki illə müqayisədə 18 sentner artıb.
Biçilən taxıl sahələri qısa müddətdə küləşdən təmizlənib və hazırda təsərrüfatlarda payızlıq taxıl səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. Bu günədək 3 min 700 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir.