Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə “Qəhrəmanlar Bağı” layihəsi çərçivəsində ağacəkmə aksiyası təşkil olunub

29 oktyabr 2026 | 16:55

Oktyabrın 29-da Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi “Qəhrəmanlar Bağı” layihəsi çərçivəsində Şəkidə ağacəkmə aksiyası təşkil olunub.

“PAŞA Holding”in və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin “Kapital Bank”ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki,  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən Müharibəsi bizim şanlı tariximizdir. Noyabr ayının 8-də şanlı Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazılmışdır.

İcra başçısı Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsini ehtiramla yad edilməsi məqsədini daşıyan, eyni zamanda yaşıllıq sahələrinin genişləndirilməsinə, ekoloji tarazlığın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən “Qəhrəmanlar Bağı” lahiyəsinin əhəmiyyətini vurğulayıb, layihənin həyata keçirilməsində əməyi olan bütün qurumlara təşəkkürünü bildirib.

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov çıxış edərək bildirib ki, “Qəhrəmanlar Bağı” layihəsi şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Bu təşəbbüs vasitəsilə qəhrəmanlarımızın adı təkcə yaddaşlarda deyil, həm də yaşıl mühitin formalaşmasına xidmət edən canlı bir irsdə yaşadılacaqdır.

Tədbirdə iştirak edən şəhid ailələri bu təşəbbüsə görə fonda və aidiyyatı qurumlara təşəkkür ediblər.

Aksiya çərçivəsində şəhidlərin xatirəsinə 353 ədəd Eldar şamı ağacı əkilib.

 

Keçidlər