Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni mənzillərin orderləri verilmişdir

25 dekabr 2012 | 16:00

Dekabrın 24-də Şəki şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yeni bina istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Camalxanov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial problemlərinin həllinə göstərilən yüksək dövlət qayğısından bəhs etmişlər.
Qeyd olunmuşdur ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ümummilli liderimiz Heydər Əliyevin sosial siyasət xəttinin əsas istiqamətlərindən biri olmuşdur. Bu xətti uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığı ilə son illər əlil və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi daha da sürətlənmişdir.
Diqqətə çatdırılmışdır ki, əgər 1997-2007-ci illərdə, yəni on il müddətində 2200-ə yaxın mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilmişdisə, son 5 ilə yaxın müddətdə bu rəqəm beş minə çatdırılmışdır. Hazırda ölkəmizdə hər il orta hesabla 700-dən çox mənzil inşa olunaraq, müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Minik avtomobili alan əlillərin sayı isə 3525 nəfərə çatmışdır.
Bildirilmişdir ki, bu qəbildən olan insanların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə indiyədək Şəki şəhərində mənzillərinin ümumi sayı 78 olan 3 bina, habelə kəndlərdə 10 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
Bu istiqamətdə tədbirlərin növbəti illərdə də davam etdiriləcəyi vurğulanmış, mənzil alan ailələrə yeni ünvanlarda xoşbəxt və firavan həyat arzulamışlar.
Yeni mənzil alanlar müharibə əlilləri və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Mənzil sahiblərinə orderlər, eyni zamanda, müharibə əlillərinə minik avtomobillərinin açarları təqdim olunmuşdur.
Sonra mənzillərə baxış olmuşdur. Tikintisinə 2012-ci ilin martında başlanan dördmərtəbəli binadakı mənzillərin hamısı ikiotaqlıdır. Binada müasir istilik sistemi quraşdırılmış, mənzillər mətbəx cihazları ilə təchiz olunmuşdur.
 

Keçidlər