Şəkinin daha bir kəndinin içməli su problemi həll edilib
Avqustun 2-də Şəki rayonunun Suçma kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən “Su təchizatı sisteminin tikintisi” layihəsinin başa çatması münasibətilə mərasim keçirilib.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, şəhər rəhbərliyi və kənd sakinləri iştirak ediblər.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Yaponiyanın ölkəmizdəki səfirliyi ilə icra hakimiyyəti arasında əməkdaşılığın 15 ildir ki, uğurla davam etdiyini bildirib. Qeyd olunub ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla, ümumi dəyəri 1 milyon 260 min ABŞ dolları olan 15 layihə reallaşdırılıb. Bu layihələr məktəb tikintisi, tibb, ekologiya, su təchizatı və digər sahələri əhatə edib.
Bildirilib ki, icrası yenicə başa çatan layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyi arasında 2014-cü ilin dekabrında imzalanıb. Layihənin əsas məqsədi Suçma kəndində su təchizatı sistemi inşa etməklə kənd əhalisinin suya olan tələbatının ödənilməsini təmin etməkdir. Layihə üzrə Yaponiya hökumətinin qrant yardımının ümumi məbləği 102,5 min ABŞ dolları təşkil edib.
Şəkiyə növbəti səfərindən böyük məmnunluq hissi keçirdiyini vurğulayan Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi bu qədim şəhərin tarixi-memarlıq abidələrinin onda çox böyük təəssürat yaratdığını, Şəkinin təbiət gözəlliklərinə vurulduğunu diqqətə çatdırıb. Səfir bildirib ki, Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Diqqətə çatdırılıb ki, proqram çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 17 milyon 224 min ABŞ dolları olan 202 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları görülən işlərlə tanış olublar. Məlumat verilib ki, layihə çərçivəsində yeni drenaj sistemi yaradılıb, 24 tonluq su anbarı inşa edilib. Layihənin reallaşması nəticəsində 2700 nəfər əhalisi olan Suçma kəndinin su problemi birdəfəlik həllini tapıb.