Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti
Son günlər respublika ərazisində havanın isti və quraq keçməsi nəticəsində biçilmiş taxıl, otlaq, kol-kos sahələrində, habelə, meşə massivlərində müxtəlif miqyaslı yanğınlar baş verir. Lakin aparılan araşdırmalar bu yanğınların baş verməsində insanların ehtiyatsızlığının əsas səbəblərdən biri olduğunu üzə çıxarmışdır.
Yuxarıda qeyd olunanları, həmçinin, yanğınların milli sərvətimiz olan meşələrimizə, flora və faunaya törətdiyi təhlükəni, dövlət büdcəsinə vurduğu ziyanı, ən əsası isə insan həyatına yaratdığı riski nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi təbiətdə istirahət edən insanlardan odla ehtiyatlı davranmağı, tam söndürülməmiş kibrit dənəsini, siqaret kötüyünü, benzin və başqa yanar mayelərin hopduğu parça və digər materialları ətrafa atmamağı, nəzərdə tutulmamış ərazidə və lazımi təhlükəsizlik tədbirləri görülmədən ocaq qalamamağı, uşaqları nəzarətsiz qoymamağı, kənd təsərrüfatı texnikası ilə işləyən vətəndaşlardan isə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi xahiş edir.
Yanğın baş verdikdə və ya hər hansı yanğın təhlükəsi hiss etdikdə nazirliyin “112” qaynar xəttinə zəng vurmağınız xahiş olunur.