İngiltərəli səyyah Pol Stil Şəki Xan sarayının gözəlliyindən yazır
Böyük Britaniyanın “baldhiker.com” saytında bu elektron resursun yaradıcısı Pol Stilin “Azərbaycan-Şəki Xan sarayı” adlı məqaləsi yerləşdirilmişdir.
Məqalədə Pol Stil Azərbaycana növbəti səfəri zamanı Şəki şəhərinə səyahəti ilə bağlı təəssüratlarını bölüşür.
Müəllif yazır: “Azərbaycana – məftun olduğum ölkəyə yenidən qayıtmaq mənim üçün çox sevindirici idi. Yenə də zəngin mədəniyyəti olan bir ölkədə həqiqi dostluq, çoxlu gəzməli və görməli yerlər. Bu dəfə mən paytaxt Bakıdan ölkənin şimal-qərbinə doğru səyahət edərək inanılmaz gözəlliyin möcüzəsinə qapıldım. Mən Şəki şəhərinə səyahət etdim. 1700-cü illərin ortalarına qədər bu şəhər Azərbaycanın Şəki xanlığının paytaxtı olmuşdur. Mən bu şəhərin gözəlliyinə heyran qaldığım memarlıq abidəsi - Şəki Xan sarayı haqqında danışmaq istəyirəm”.
Pol Stil yazır ki, əslində bu möhtəşəm tikilinin gözəlliyi və əzəməti şəkillərlə ifadə edilə bilməz. Tarixi çox qəribə olan bu sarayı gəzmək saatlarla vaxt aparır. Dəbdəbəli yaşayış binalarından və nəhəng qış sarayından ibarət kompleksdən dövrümüzə gəlib çıxanı məhz bu möhtəşəm tikilidir. Bu bina Hüseyn xan Müştaq (Hacı Çələbinin nəvəsi) tərəfindən yayda yaşamaq üçün tikilmişdir. Saray haqqında ən heyrətamiz faktlardan biri odur ki, onun tikintisi zamanı bir damla belə yapışqandan və bir mismardan da istifadə olunmamışdır. Pəncərələr sarı, qırmızı və mavi rəngli şüşələrdən ibarətdir ki, bu da binaya düşən işığı daha da füsunkar edir. Pəncərələrin ayrı-ayrılıqda hər kvadrat metrində əllə hazırlanmış 14 min taxta parçası və 5 min rəngli şüşə vardır.
Qeyd edilir ki, sarayda hər birinin fərqli dizaynı olan 6 otaq vardır. Hər bir hissə isə ən xırda incəliklər belə nəzərə alınaraq gözəlləşdirilmişdir. Birinci mərtəbədə geniş qəbul otağı vardır. Göy qurşağını xatırladan rənglər, minlərlə rəsm və çiçək şəkilləri insanı dərhal özünə cəlb edir. Buradakı güzgülər içəriyə süzülən əlvan işığı əks etdirmək üçündür. Hər bir otaq digərindən fərqli şəkildə bəzədilmişdir.
İkinci mərtəbədə otaqlar yan-yanadır. Buradakı divar rəsmləri də heyrətamizdir. Bütün bunların XII əsrdə ərsəyə gəlməsi faktı insanı daha da təəccübləndirir. Şəkillərin əksəriyyətində nar təsvir olunmuşdur. Azərbaycanda olarkən mən hər gün bu meyvənin şirəsindən daddım. Nar bu ölkədə bolluq və bərəkət rəmzi hesab edilir. Sarayın əsas otağındakı şəkillərdə isə döyüş səhnələri üstünlük təşkil edir. Minlərlə insanın təsvir olunduğu rəsmlərə diqqətlə baxdıqda hər bir simanın nə qədər özəl xüsusiyyətlərə malik olduğu açıq-aydın görünür.
Sarayın ətrafındakı çinar ağaclarının tarixi isə 1530-cu illərə gedib çıxır.
Məqalədə Şəki xan sarayının bir-birindən füsunkar şəkilləri də verilmişdir.