Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili sənətkarlar Qabrovoda keçiriləcək beynəlxalq yarmarkada iştirak edəcəklər

12 avqust 2015 | 15:00

Şəkili sənətkarlar Tahir Həmidli və Eldar Zakirov sentyabrın 4-dən 6-dək Şəki ilə qardaşlaşmış şəhərlərdən olan Bolqarıstanın Qabrovo şəhərində təşkil olunacaq Beynəlxalq ənənəvi əl işləri yarmarkasında iştirak edəcəklər.
Bununla əlaqədar Qabrovo bələdiyyəsinin rəhbərliyi adından Şəki Şəhər İcra Hakimiyyətinin başçısına xüsusi müraciət olunub.
Bu barədə AZƏRTAC-a tədbirdə iştirak edəcək sənətkarlardan biri – Azərbaycan Rəssamlar İttifaqı Şəki təşkilatının sədri Tahir Həmidli məlumat verib.
Sənətkarın sözlərinə görə, Qabrovo şəhərindəki ETAR Arxitektura və Etnoqrafiya kompleksində təşkil ediləcək beynəlxalq xalq sənəti yarmarkası müasir cəmiyyətin ənənəvi əl işləri sənətkarlığının inkişaf etdirilməsi və qorunub saxlanması məqsədi daşıyır. Ənənəvi olaraq keçirilən yarmarkada Bolqarıstanın bütün regionlarını təmsil edən sənətkarlarla yanaşı, dünyanın bir sıra ölkələrindən gəlmiş xalq sənətkarları da iştirak edirlər.
Xatırladaq ki, Tahir Həmidli 2006-cı ildə də bu yarmarkanın iştirakçısı olub.
Beynəlxalq yarmarkada şəkili sənətkarlar Tahir Həmidli qaya daşı, Eldar Zakirov isə dəniz və çay daşı üzərində təsvir sənəti üzrə əl işlərini nümayiş etdirəcəklər. Tədbir iştirakçıları, eyni zamanda, təsvirlərin daş üzərinə həkk edilməsi prosesini də canlı şəkildə izləyə biləcəklər.

Keçidlər