Belçikalı turist: İnsanlarınızın qonaqpərvərliyini ölkənizə səfərimin elə ilk günündən hiss etməyə başladım
Şəkinin füsunkar təbiəti var. İnsanlarınızın qonaqpərvərliyini isə ölkənizə səfərimin elə ilk günündən hiss etməyə başladım. Burada özümü qərib saymıram. Hamı mənə isti münasibət göstərir, hər işdə kömək etmək istəyir. Qonaqpərvərlik elə bir yüksək mənəvi dəyərdir ki, indi Avropada belə dəyərlərə çox az rast gəlirsən.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəkidə səfər olan belçikalı turist Saskiya Lemier deyib.
Saskiya Lemier əslən belçikalı olsa da, hazırda Hollandiyada yaşayır, universitetlərdən birində professor köməkçisi işləyir. Şəkidən sonra Bakıya, oradan da Təbrizə yola düşəcək. Ölkəmizlə tanışlıqda ona rəfiqəsi, bir yerdə təhsil aldığı Ellada Abbasova bələdçilik edir.
Şəki xanlarının sarayı ilə tanışlıq belçikalı turistin xüsusilə böyük marağına səbəb olub. Qonaq təəssüratlarını bölüşərək deyib: “İlk dəfədir belə gözəl saray görürəm. Avropada bunun bənzəri yoxdur. Sarayın otaqlarını gəzərkən özümü bir anlığa keçmişdə hiss etdim. Otaqların tərtibatı, rənglərin ahəngi çox xoşuma gəldi. Maraqlısı budur ki, hər otağa öz funksiyasına uyğun tərtibat verilib. Sarayın şəbəkə pəncərələri xüsusilə cəlbedicidir, hər biri sanki bir sənət əsəridir. Çox incə işlənib. Düzü, ilk dəfədir belə əl işlərinə rast gəlirəm. Bu saray Avropada gördüyüm abidələrdən fərqlənir”.