Dövlət sərhədlərinin mühafizəsində sərhədyanı rayonların əhalisi də yaxından iştirak edir
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümü münasibətilə avqustun 17-də Şəki şəhərində “Sərhədi xalq qoruyur” mövzusunda tədbir keçirilib.
Şəki Sərhəd Dəstəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Qax rayonlarının sərhədyanı yaşayış məntəqələrinin sakinləri, rayonların yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, ictimaiyyətin nümayəndələri, sərhədçi veteranlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbiri Şəki Sərhəd Dəstəsinin rəisi, polkovnik-leytenant Müzəffər Pirizadə açaraq Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən yüksək dövlət qayğısından, Sərhəd Qoşunlarının keçdiyi çətin və şərəfli inkişaf yolundan, əldə olunan uğurlardan bəhs edib. Bildirilib ki, Sərhəd Qoşunlarının formalaşması və bugünkü səviyyəyə çatması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Milli dövlətçiliyimizin əsas atributlarından biri olan dövlət sərhədlərinin mühafizəsi məsələsi hər zaman Ulu Öndərin diqqət mərkəzində olub.
Sərhəd Dəstəsinin rəisi bildirib ki, təhlükəsizliyin təmin olunması, sabitliyin qorunub saxlanılması, əmin-amanlığın, asayişin davam etdirilməsi ölkəmizin inkişafı üçün başlıca şərtdir. Bu işdə Sərhəd Qoşunlarının da üzərinə böyük vəzifələr düşür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqət və qayğısı dövlət sərhədlərimizin daha etibarlı şəkildə qorunmasında, Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsində, müasir texnika və avadanlıqla təminatında, kadr hazırlığında, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində, yeni sərhəd infrastrukturunun yaradılmasında öz əksini konkret şəkildə tapıb.
Vurğulanıb ki, yerli əhalinin dövlət sərhədlərinin mühafizəsində iştirakı qarşılıqlı əlaqələrin sıx və səmərəli qurulmasını təmin edir. Belə görüşlər yerli əhalinin sayıqlığını artırır, sərhədçilərlə işgüzar əlaqələri gücləndirir.
Tədbirdə Şəki Sərhəd Dəstəsinin şəxsi heyət üzrə şöbəsinin rəisi, polkovnik-leytenant Mübariz Yusifovun Sərhəd Qoşunlarının fəaliyyəti, əldə olunan uğurlar barədə məruzəsi dinlənilib.
Daha sonra Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov, yerli icra orqanlarının təmsilçiləri çıxış edərək sərhədçiləri peşə bayramları münasibətilə təbrik edib, yerli əhalinin bundan sonra da dövlət sərhədlərinin mühafizəsində sərhədçilərə yaxından kömək göstərəcəklərini bildiriblər.
Dövlət sərhədlərinin mühafizəsində sərhədçilərə yaxından kömək edən vəzifəli şəxslərə və bir qrup yerli sakinə fəxri-fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirin sonunda Azərbaycan Sərhəd Mühafizəsinə həsr olunan sənədli film nümayiş etdirilib.