Şəkidə “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı başlayıb
Avqustun 22-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində növbəti beynəlxalq tədbir - “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının açılışı olub.
Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və “ALMUS Prodiction” şirkətinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ifaçılar iştirak edirlər. Festivalda ölkəmizi “Natiq ritm” qrupu təmsil edir. Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə olaraq reallaşan bu musiqi bayramı avqustun 26-dək davam edəcək.
Festival axşam saatlarında şəhərin mərkəzi meydanında nağaraçalanların yürüşü ilə başlayıb. Yüzədək nağara ifaçısı çal-çağırla M.F.Axundzadə prospekti ilə şəhərin yuxarı hissəsinə - “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki Qala divarlarına doğru hərəkət edib. Əllərində iştirakçı ölkələrin bayraqlarını tutmuş gənclərin yol boyunca yürüş iştirakçılarına qoşulması tədbiri daha da rövnəqləndirib. Nağaraçalanların yürüşü Qoruğun ərazisindəki Yay Teatrında başa çatıb.
Daha sonra Yay Teatrında festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq ilk dəfə keçirilən zərb alətləri festivalının qədim musiqi sənətimizi, eyni zamanda tariximizi qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıdığını bildirib.
Vurğulanıb ki, milli musiqi sənətimizdə zərb alətləri özünəməxsus yer tutub. Xalqımızın adət və ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən biri də nağaradır. Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Qobustanda on-on iki min əvvələ aid “Qaval daşı” adlanan böyük bir qaya parçası var. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunub. Bu daş indi də zərb alətlərinə xas keyfiyyətlərini saxlayır.
Bildirilib ki, festivalın Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə keçirilməsi təsadüfi deyil. Bu şəhər artıq bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Şəki artıq bayramlar, ənənələr, festivallar şəhəri kimi tanınır. Belə festivalların keçirilməsi xalqımızın zəngin mədəniyyətinin, eləcə də Şəkinin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Mərasimdə “Natiq ritm” qrupunun rəhbəri, Əməkdar Artist Natiq Şirinov çıxış edərək festivalın keçirilməsinə göstərdiyi dəstəyə görə təşkilatçılara minnətdarlığını bildirib.
Rəsmi hissədən sonra Özbəkistanın “Abbos”, İranın “Lian”, Türkiyənin “İstanbul Harem” və Azərbaycanın “Natiq ritm” qrupları tamaşaçılar qarşısında qısa konsert proqramı ilə çıxış ediblər.
Kollektivlərin çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.