Şriftin ölçüsü :

Saytın rəngi :

Nicat Kazımov: “Nağara-2015” festivalı milli mədəniyyətimizi dünyaya çatdırmaq üçün yaxşı fürsətdir

24 avqust 2015 | 15:00

Şəkidə keçirilən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı dünya xalqlarının mədəniyyəti ilə tanış olmaq, eyni zamanda, milli mədəniyyətimizi, musiqimizi, ritmlərimizi dünyaya çatdırmaq, təbliğ etmək üçün yaxşı fürsətdir. Əgər insanın ritmi düz olarsa, onun həyatında hər şey öz ahəngində gedəcək. Festivalda iştirak edən musiqiçilərin hər biri, başda Natiq Şirinov olmaqla, ritm aşiqləridir. Onların əksəriyyəti dünya miqyasında yaxşı tanınan musiqiçilərdir. Onlarla işləmək bir rejissor kimi, mənim üçün çox xoşdur.
Bu fikirləri festivalın rejissoru, Əməkdar Artist Nicat Kazımov AZƏRTAC-a müsahibəsində deyib.
Rejissorun bildirdiyinə görə, festivalın ideyası “Natiq ritm” qrupunun rəhbəri, Əməkdar Artist Natiq Şirinova məxsusdur. Belə bir festival keçirmək onun çoxdankı arzusu idi. Çünki dünyada belə festivallar tez-tez keçirilir.
Nicat Kazımov deyib: “Şadam ki, belə festival Qafqazda ilk olaraq Azərbaycanda, qədim Şəki şəhərində keçirilir. Festivalın təşkilatçıları ritm bayramının yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirləri görüblər. İştirakçılar təşkilatçılıqdan, onlar üçün yaradılan şəraitdən, festivalın gedişindən çox razıdırlar. Onlar Şəkinin arxitekturasına, xüsusilə Natiqin sənətinə valeh olduqlarını bildirirlər”.

Keçidlər