Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ilin yekunlarına həsr olunmuş bayram tədbiri keçirilmişdir

28 dekabr 2012 | 16:00

Şəki şəhərində 2012-ci ilin yekunlarına görə, dövlət qulluqçusu, təhsil, gənclər siyasəti, media-mətbuat, təsərrüfat, xidmət və digər sahələrdə fərqlənən şəxslərin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilmişdir.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı cənab Elxan Usubov çıxış edərək şəkililəri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik etmiş, 2012-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və idman həyatında baş vermiş yeniliklər, qazanılmış uğurlar barədə danışmışdır. Bildirilmişdir ki, 2012-ci il Şəki və şəkililər üçün çox uğurlu və əlamətdar olmuşdur. İlin ən mühüm hadisəsi, şübhəsiz ki, Prezident İlham Əliyevin rayona növbəti səfərləri olmuşdur. Sentyabrın 9-da baş tutan birinci səfəri zamanı dövlətimizin başçısı bir sıra istehsal və sosial təyinatlı obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Sentyabrın 12-də Prezident İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəkidə olmuş, türk əsgərinin abidə kompleksini ziyarət etmiş, şəhərin görməli yerləri və tarixi abidələri ilə tanış olmuşlar.

Diqqətə çatdırılmışdır ki, cari ildə Şəkidə mədəni irsin qorunması və turizmin inkişafı sahəsində də mühüm işlər görülmüş, “İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı, Şəki xanları sarayının 250 illik yubileyi, dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illiyi, “Şəhər günü” və digər tədbirlər keçirilmiş, şəhərin 2700 illiyi təntənəli şəkildə qeyd olunmuşdur.

Sonra müxtəlif nominasiyalar üzrə Şəhər İcra Hakimiyyətinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülən qaliblərin adları elan olunmuşdur. “Xəmsə” Milli İntellektual oyunu üzrə Azərbaycan çempionu “Səbuhi” komandası “Gənclər siyasəti” nominasiyası üzrə, fermer Asif Hümmətov “İlin təsərrüfat adamı” nominasiyası üzrə, “Aşağı Karvansara” mehmanxana kompleksinin direktoru Şahin Hüseynov “Xidmət sahəsi” nominasiyası üzrə, “Şəki-İpək” ASC-nin kəlağayı sexinin boyaqçısı Ənvər Nəbiyev “İlin ipəkçisi” nominasiyası üzrə qalib adını qazanmışlar. Bundan əlavə, dövlət qulluğu, təhsil, mədəniyyət, media və digər sahələr üzrə də qaliblərin adları elan edilmişdir. Qaliblərə “Zirvə” mükafatı təqdim olunmuşdur.

Tədbir incəsənət ustalarının rəngarəng konsert proqramı ilə davam etmişdir. Bayram tədbiri atəşfəşanlıqla yekunlaşmışdır.
 

Keçidlər