“Nağara-2015” festivalında növbəti ustad dərs “Abbos” qrupu tərəfindən təqdim olunub
Şəkidə keçirilən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində avqustun 24-də “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində Özbəkistanın “Abbos” musiqi qrupunun rəhbəri Abbos Kasimov doyra (dəf) zərb alətindən ustad dərsi keçib.
Tədbiri festivalın ideya müəllifi, “Natiq ritm” qrupunun rəhbəri, Əməkdar Artist Natiq Şirinov açaraq “Abbos” qrupunun fəaliyyəti barədə qısa məlumat verib. Bildirilib ki, qrup 1998-ci ildə Özbəkistanın Xalq Artisti, milli zərb alətlərinin mahir ifaçısı Abbos Kasimov tərəfindən yaradılıb. Qrupun üzvləri ənənəvi musiqi alətləri olan karnay, surnay, doyra və nağara ifaçılarından ibarətdir. “Abbos” bu alətləri estrada üslubunda ifa edən ilk musiqi qruplarından biridir.
Sonra qrupun rəhbəri tamaşaçılara doyra musiqi alətinin hazırlanması, ifa texnikası və ritmlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Özbəkistan milli musiqisində yüzə yaxın ritm növü var.
Ustad dərs zamanı Abbos Kasimov ritm kompozisiyalarını nümayiş etdirməklə yanaşı, tamaşaçıların çoxsaylı suallarını da cavablandırıb.