Şriftin ölçüsü :

Saytın rəngi :

Abbos Kasimov: Musiqiçiyə tamaşaçı alqışından qiymətli mükafat ola bilməz

25 avqust 2015 | 15:00

Azərbaycana ilk dəfə 13 yaşım olarkən “Cücələrim” ansamblının dəvəti ilə gəlmişəm. Həmin vaxt Bakıda keçirilən konsert proqramında mən də iştirak edirdim. Aradan düz 32 il vaxt keçib. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Ölkəniz tamamilə dəyişib. Festivala dəvət olunduğuma görə çox şadam.
Bu sözləri “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının iştirakçısı, “Abbos” musiqi qrupunun rəhbəri, Özbəkistanın Xalq Artisti Abbos Kasimov AZƏRTAC-a müsahibəsində deyib.
Özbəkistan musiqiçisi sosial şəbəkələr vasitəsilə tanış olduğu mahir nağara ifaçısı Natiq Şirinova yaxşı musiqiçi kimi böyük hörmət etdiyini bildirib.
Abbos Kasimov deyib: “Mən demək olar ki, bütün dünyanı gəzmişəm, bir çox festivallarda iştirak etmişəm. “Nağara-2015” festivalının ilk dəfə keçirilməsinə baxmayaraq, çox yüksək səviyyədə təşkil olunub. Festivalın keçirildiyi Şəki çox gözəl və qədim şəhərdir. Mən ümumiyyətlə qədim şəhərləri çox sevirəm. Çünki özüm Daşkənddə anadan olmuşam”.
Qrupun rəhbəri bildirib ki, Şəki tamaşaçılarının musiqiyə, ifaçılara olan münasibəti onun çox xoşuna gəlib: “Konsert zamanı tamaşaçılar axıradək qrupumuzu alqışlayıblar. Musiqiçiyə tamaşaçı alqışından qiymətli mükafat ola bilməz”.
2016-cı ildə “Natiq ritm” qrupunun 15 illiyi qeyd olunacaq. Natiq Şirinov indidən “Abbos” qrupunu yubiley tədbirinə dəvət edib. Onlar da bu dəvəti böyük məmnuniyyətlə qəbul ediblər.

Keçidlər