Natiq ritm” qrupunun musiqisevərlər üçün ustad dərsi
Şəkidə keçirilən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində avqustun 25-də “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində “Natiq ritm” qrupunun rəhbəri, Əməkdar Artist Natiq Şirinov musiqisevərlərə nağara alətindən ustad dərsi keçib.
Əvvəlcə tamaşaçılara qrupun fəaliyyəti barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, qrup 2001-ci ildə yaradılıb. “Natiq ritm” qrupu indiyədək dünyanın bir sıra ölkələrində keçirilən festival və tədbirlərdə, konsertlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.
Ustad dərsində Natiq Şirinov musiqisevərlərə Azərbaycanın qədim zərb alətlərindən olan nağaranın yaranma tarixindən danışıb. Bildirilib ki, araşdırmalara görə, ilk nağara eramızdan 40 min əvvəl yaranıb. İlk vaxtlar nağara saxsıdan hazırlanırmış. Sonralar təkmilləşdirilərək indiki formasını alıb.
Sonra Natiq Şirinov nağarada etdiyi yeniliklər, milli ritmlərimiz barədə məlumat verib, qrupun digər üzvlərinin müşayiəti ilə müxtəlif ritmlər ifa edib, iştirakçıların suallarını cavablandırıb.