Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə fəaliyyət göstərən dairə seçki komissiyalarında ixtisaslaşdırılmış kurslar keçirilib

27 avqust 2015 | 08:08

Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihə həyata keçirilmişdir. Layihənin ikinci mərhələsi çərçivəsində Şəkidə fəaliyyət göstərən seçki dairələri dairə seçki komissiyalarında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar avqustun 26-da başa çatıb.
115 saylı Şəki kənd ikinci seçki dairəsində keçirilən ixtisaslaşdırılmış kurslarda dairənin tərkibinə daxil olan 42 məntəqə seçki komissiyasının sədrləri və dairə seçki komissiyasının üzvləri iştirak edib. Tədris prosesinin başlanğıcında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qabil Orucov, MSK katibliyinin əməkdaşı Rüstəm Babayev və dairə seçki komissiyasının sədri Rasim Əzizov çıxış edərək kursların məqsəd və vəzifələri barədə danışıblar. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramı insan hüquqlarının müdafiəsi sahəsində görüləcək işlərin kompleks proqramıdır. Proqramın müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası seçkilər ərəfəsində yerlərdə ixtisaslaşdırılmış kurslar təşkil edir. Bu kurslar dairə və məntəqə seçki komissiyalarının sədr və üzvlərinin peşəkarlığının yüksəldilməsi və hüquqi biliklərinin artırılması baxımından çox əhəmiyyətlidir.
Üç gün davam edən tədris prosesində “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması”, Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu” və digər mövzularda məruzələr dinlənilib, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Məşğələləri Şəki Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Rəfail Manafov, rayon polis şöbəsinin rəisi Əbülfət Rzayev, şəhər məhkəməsinin hakimi Elçin Mehdiyev, həmçinin rayon prokurorluğunun məsul nümayəndələri aparıblar.
İxtisaslaşdırılmış kurslar 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd birinci seçki dairələri dairə seçki komissiyalarında da müvəffəqiyyətlə başa çatıb.

Keçidlər