Şriftin ölçüsü :

Saytın rəngi :

Mohsen Şarifian: Festivallar müxtəlif xalqların mədəniyyətlərini bir-birinə yaxınlaşdırır

27 avqust 2015 | 08:08

Festivalda iştirak etməyimizdən çox məmnunuq. Belə festivallar müxtəlif xalqların mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdırır, birləşdirir.
Bu fikirləri Şəkidə keçirilən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının iştirakçısı, İranın “Lian” folklor musiqi qrupunun rəhbəri Mohsen Şarifian AZƏRTAC-a müsahibəsində deyib.
Festivalın yüksək səviyyədə təşkil olunduğunu vurğulayan iranlı musiqiçi deyib: “Festivalın keyfiyyətinə söz ola bilməz. Biz bu festivalda müxtəlif xalqların ritmləri, mədəniyyətləri ilə yaxından tanış olduq, məşhur ritm ifaçıları ilə ünsiyyət qurduq. Biz özümüzü ritmlərin əhatəsində tapırıq”.
Şəkidə ilk dəfə olduqlarını, şəhərin qədim memarlıq abidələrinin onda böyük maraq doğurduğunu bildirən Mohsen Şarifian deyib: “Ən başlıcası odur ki, şəhərin sakinləri çox qonaqpərvər, mehriban və istiqanlıdırlar. Tam əminliklə deyə bilərəm ki, Şəki şəhəri Azərbaycanın ən tanınmış turizm mərkəzlərindən birinə çevrilməkdədir”.
Xatırladaq ki, Lian” musiqi qrupunun rəhbəri Mohsen Şarifian “ney-anban” alətində ən yaxşı ifaya görə 7 dəfə müxtəlif beynəlxalq festivalların mükafatlarına layiq görülüb.

Keçidlər