Şəki şəhərində iki yeni məktəb binası istifadəyə verilmişdir
2012-ci ilin mayında ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir.
Yanvarın 7-də Şəki şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilmiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş şəhər 14 №-li tam orta məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir keçirilmişdir.
360 şagird yerlik 14 №-li tam orta məktəbin yeni binasının açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, rayon rəhbərliyi, podratçı tikinti təşkilatları və ictimaiyyətin nümayəndələri, məktəbin kollektivi iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Şəki şəhər Təhsil şöbəsinin müdiri Südabər İsmayılova açmışdır. Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, valideyn İbrahim Abdulsəlimli qısa vaxt ərzində belə gözəl məktəb binasının tikilib şagirdlərin və müəllimlərin ixtiyarına verilməsinə görə cənab Prezidentə, cənab nazirə və bu tikintidə əməyi olan hər bir kəsə şəkililər adından dərin minnətdarlıqlarını bildirmiş, məktəbin pedaqoji kollektivini, şagirdləri təbrik etmişlər. Çıxışlarda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığı, bu məqsədlə dövlət büdcəsindən kifayət qədər vəsaitin ayrıldığı bildirilmişdir. Qeyd edilmişdir ki, dövlətimizin başçısının göstərişinə uyğun olaraq fəlakət bölgəsində qəzalı vəziyyətə düşmüş məktəb binaları qısa müddətdə sökülmüş, həmin ərazilərdə yüksək standartlara uyğun, zəlzələlərə davamlı yeni məktəb binalarının tikintisinə başlanılmışdır.
Sonra yeni məktəb binasına baxış olmuşdur. Yüksək standartlara uyğun inşa edilən üçmərtəbəli bina təzə məktəb mebeli və avadanlıqla da təchiz olunmuşdur.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov həmin gün Şəki şəhər 12 nömrəli tam orta məktəbin 500 şagird yerlik yeni binasının açılış mərasimində də iştirak etmişdir.