Suat Borazan: Belə bir festivalın Türkiyədə də keçirilməsini arzulayıram
Bakıda bir neçə dəfə olmuşam. Türkiyənin məşhur sənətçiləri Sərdar Ortac, Sibel Can və digər müğənnilərin Bakı konsertlərində orkestrdə ifa etmişəm. Bu dəfə isə Şəkidə keçirilən ritm festivalına qatılmışam. Qrupumuzu belə bir gözəl festivala dəvət etdiyinə görə Natiq Şirinova təşəkkür edirəm. Festival həqiqətən də çox gözəl keçdi, unudulmaz anlar yaşadıq.
Bu sözləri Şəkidə yenicə başa çatan “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının iştirakçısı, Türkiyənin “İstanbul Harem” qrupunun rəhbəri Suat Borazan AZƏRTAC-a müsahibəsində deyib.
Şəkidə ilk dəfə olduqlarını, çox yaxşı qarşılandıqlarını vurğulayan türkiyəli ifaçı daha sonra deyib: Şəkini çox bəyəndik. İnsanların isti münasibətinə görə özümüzü evimizdəki kimi hiss edirik. Konsertimizə çox böyük maraq var idi. Tamaşaçılar bizi həvəslə dinləyirdilər. Hiss olunurdu ki, onlar musiqini, ritmi çox sevirlər.
Belə festivalların insanlar arasında dostluğu, ünsiyyəti daha da möhkəmləndirdiyini bildirən Suat Borazan Özbəkistanın məşhur ritm ifaçısı Abbos Kasimovla əvvəllər xarici ölkələrdə təşkil olunan festivallarda görüşdüklərini, Natiq Şirinov və digər ifaçılarla isə ilk dəfə bu festivalda tanış olduqlarını diqqətə çatdırıb.
Qrupun rəhbəri ilk dəfə keçirilməsinə baxmayaraq festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib. Belə bir festivalın Türkiyədə də keçirilməsini çox arzuladığını vurğulayan Suat Borazan deyib: Türkiyədə hər il müxtəlif musiqi festivalları keçirilir. Ritm festivalı isə indiyədək keçirilməyib. Xeyli vaxtdır ki, bunu üçün çalışıram. Türkiyədə çox yaxşı ritm ifaçıları, qruplar var. İstəyirəm ki, ölkəmdə də belə ritm festivalı təşkil edim. Ancaq hələlik buna nail ola bilməmişəm. Çünki bunun üçün yerli rəhbər qurumlardan razılıq tələb olunur.
Türkiyəli musiqiçi gələn il keçiriləcək ritm festivalına da indidən dəvət aldıqlarını, növbəti festivallara da böyük məmnuniyyətlə qatılacaqlarını bildirib.