Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri zəlzələnin zərər vurduğu ərazilərdə olublar

06 sentyabr 2015 | 07:09

Xəbər verildiyi kimi, sentyabrın 4-də yerli vaxtla saat 09:49-da Şəki rayonunun cənub-şərqində, Şəkinin Oğuz rayonu ilə sərhəddinə yaxın olan ərazidə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Şəki rayon ərazisində yerləşən fərdi evlərə, məktəblərə, uşaq bağçalarına, digər sosial təyinatlı obyektlərə ziyan vurub.
   Hadisədən dərhal sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri zəlzələnin zərər vurduğu ərazilərdə olublar, zədələnmiş fərdi evlərə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə, həmçinin sosial obyektlərə baxış keçiriblər.
    İlkin baxış zamanı müəyyən olunub ki, yeraltı təkanlar nəticəsində Şəki şəhərində 2, Qaratorpaq kəndində 4 fərdi ev, Turan qəsəbəsində, Bolludərə, Qaratorpaq və Sarıca kəndlərində uşaq bağçaları, Oxud kəndində ümumi orta məktəb binası qəzalı vəziyyətə düşüb.  Şəki şəhərində, Turan qəsəbəsində, Bolludərə, Qaratorpaq, Çayqaraqoyunlu, Aşağı Daşağıl, Aydınbulaq, Göybulaq, Əliyar, Cəyirli, Qozlubulaq, Oxud, Aşağı Küngüt, Çeşməli, Şəki kənd, Köbər Zəyzid, Şirinbulaq, Dərəcənnət və Cəfərabad kəndlərində ümumilikdə 240 fərdi evin divarlarında çatlar əmələ gəlib.
    Bundan əlavə, şəhər və kəndlərdə 27 məktəb binasının, Şəki Dövlət Dram Teatrının, Tarix-Diyarşünaslıq Muzeyinin, Şəki Əlillərin Regional Bərpa Mərkəzinin, Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin, Şəki şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Turan qəsəbəsində və Qaratorpaq, Aydınbulaq, Qayabaşı kəndlərində yerləşən kitabxana binalarının divarlarında da çatlar yaranıb.
    Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəlzələ nəticəsində dəymiş ziyanın dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Keçidlər