ABŞ səfiri Şəkiyə səfər edib
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta sentyabrın 21-də Şəki şəhərinə gəlib.
İki gün davam edəcək səfərin ilk günü amerikalı diplomat Şəkinin tarixi məkanları ilə tanış olub, şəhər rəhbərliyi ilə görüşüb.
Səfir əvvəlcə XVIII əsrin sonlarında inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksinə baş çəkib. Qonağın diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu qədim kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. Hazırda bu memarlıq abidəsi mehmanxana kimi istifadə olunur.
Səfir daha sonra “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi abidələrə baş çəkib, “Sənətkarlar evi”ndə yerli sənətkarlarla görüşüb, onların əl işlərinə baxıb. Tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadə səfirə şəbəkə sənətinin incəlikləri barədə məlumat verib. Amerikalı diplomat şəbəkə ustasının hazırladığı əl işlərinə böyük heyranlıqla tamaşa edib.
ABŞ səfiri, həmçinin bu ərazidə yerləşən Tarix-Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeyləri ilə də tanış olub.
Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq səfir Robert Sekutanın xüsusilə böyük marağına səbəb olub. Məlumat verilib ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Bildirilib ki, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Səfir Robert Sekuta daha sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.
Səfirə Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Şəkinin 2700 ildən artıq yaşı vardır. Qədim ipəkçilik ənənələrinə malik olan bu şəhər, eyni zamanda, dünya əhəmiyyətli nadir tarix-memarlıq abidələri ilə məşhurdur. Bildirilib ki, Şəkidə dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi mövcuddur. Burada turizmin inkişaf etdirilməsi üçün çox əlverişli şərait və infrastruktur var. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, musiqi festivalları keçirilir. Beynəlxalq festivallar Şəkidə turizmin inkişafına çox müsbət təsir göstərir. İl ərzində Şəkiyə gələn turistlərin sayı 100 min nəfəri ötür.
Səfir Robert Sekuta Şəkidə ilk dəfə olduğunu, səfərin Azərbaycanın bu qədim diyarı ilə daha yaxından tanış olmaq, əhali ilə görüşmək, Şəki barədə ətraflı məlumat toplamaq məqsədi daşıdığını bildirib. Şəki xanlarının sarayı, “Yuxarı Karvansaray” mehmanxana kompleksi və digər tarixi abidələrlə tanışlığın onda zəngin təəssürat yaratdığını bildirən amerikalı diplomat Şəkidə maddi-mədəniyyət nümunələrinin qorunmasına yüksək diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb.
Görüşün sonunda amerikalı diplomata Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.