ABŞ səfiri: Azərbaycanlılar haqlı olaraq öz tarixləri ilə qürur duyur, iftixar hissi keçirirlər
Şəki çox gözəl şəhərdir. Bu qədim şəhərlə tanış olmaq imkanı əldə etdiyimə görə çox şadam. Səfərdə əsas məqsədim Azərbaycanın bölgələri ilə daha yaxından tanış olmaqdır.
Bu sözləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Bölgələrə ilk dəfədir ki, həyat yoldaşı ilə birgə səfər etdiyini vurğulayan səfir artıq Şəki mətbəxinin əsas yeməklərindən sayılan pitinin dadına da baxdığını diqqətə çatdırıb. İncəsənət nümunələrinin, mədəni irsin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyinə toxunan ABŞ səfiri deyib: “Bu gün nəinki Azərbaycanın, həm də dünya incəsənətinin nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanış oldum. Bənzərsiz abidədir. Həmçinin şəbəkə kimi nadir sənət nümunəsini gələcək nəsillərə çatdırmaq üçün xidmət göstərən Hüseyn Hacımustafazadəyə və digər ustalara minnətdarlığımı bildirmək istəyirəm”.
Səfir Robert Sekuta daha sonra bildirib: “Azərbaycanlılar haqlı olaraq öz tarixləri ilə qürur duyur, iftixar hissi keçirirlər. Burada əsas məqam tarixin qorunması və gələcək nəsillərə ötürülməsidir. Bu baxımdan şəbəkə, təkəlduz və digər xalq sənəti nümunələrini yaşadan, gələcək nəsillərə ötürən ustalara böyük təşəkkür düşür. Yuxarı Karvansarayla tanış olarkən məndə belə təəssürat yarandı ki, Azərbaycan, eləcə də Şəki tarixi İpək Yolunda bir körpü rolunu oynayıb. Burada söhbət yalnız Avropa ilə Asiyanı birləşdirən körpüdən getmir. Söhbət həm də sahibkarlığın, ticarətin inkişafı, məhsulların istehsalı, satılması və digər məsələlərə yaradıcı yanaşmadan gedir”.
Bir səfir olaraq əsas vəzifəsinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etmək olduğunu vurğulayan Robert Sekuta Azərbaycanın digər ölkələr üçün nümunə ola biləcək tolerantlığını da çox yüksək qiymətləndirib.