Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə polis əməkdaşları və dairə seçki komissiyalarının sədrləri üçün zona seminar-müşavirəsi keçirilib

30 sentyabr 2015 | 00:09

Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi ilə növbəti zona seminar-müşavirəsi sentyabrın 28-də Şəki Şəhər Rayon Polis Şöbəsində keçirilib.
Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə bu qurumların məsul nümayəndələri, 11 şəhər və rayonun polis şöbələrinin əməkdaşları, bu rayonlarda fəaliyyət göstərən 14 seçki dairəsi dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Müşavirəni Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov açaraq, Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən 2015-ci il noyabrın 1-nin Azərbaycan Respublikasında Milli Məclisə seçkilər günü elan edildiyini diqqətə çatdırıb. Bildirilib ki, seçkinin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində ictimai asayişin qorunması mühüm amillərdən biridir. Bu məqsədlə seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydaların qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi tədbirlər planı təsdiq edilib və icrası nəzarətə götürülüb.
Nazirliyin rəsmisi bildirib ki, respublikamızın bir neçə regionunda keçirilən belə müşavirələrin əsas məqsədi daxili işlər orqanlarının qarşısında duran vəzifələrin şəxsi heyət tərəfindən dərindən mənimsənilməsi, bu sahədə maarifləndirmə işinin və müvafiq qanunvericilik aktlarına uyğun fəaliyyətin həyata keçirilməsidir. Bildirilib ki, Daxili İşlər Nazirliyinin bütün orqan və nizami polis hissələri oktyabrın 27-dən noyabrın 2-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Səsvermə hüququna malik vətəndaşların siyahısının dəqiqləşdirilməsi, onların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunması, habelə ölkədə qeydiyyatda olan, lakin respublikadan kənarda yaşayan şəxslərin, eləcə də son vaxtlar qeydiyyatdan çıxaraq yaşamaq və işləmək üçün digər ölkələrə gedən şəxslərin siyahılarının hazırlanması işi artıq tamamlanmaq üzrədir.
A.Adıgözəlov qeyd edib ki, seçki kampaniyası ilə əlaqədar dairə və məntəqə seçki komissiyaları nümayəndələrinin polisin fəaliyyəti ilə bağlı qaldırdıqları bütün məsələlər operativ qaydada həll olunacaq, zərurət olduqda səhhətinə görə seçki məntəqəsinə gedə bilməyən seçicilərin yaşadıqları və digər yerlərə seçki qutusu aparan komissiya üzvlərinin müşayiəti və mühafizəsi təmin ediləcək. Seçki günü polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və məntəqə seçki komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi məqsədi ilə gəlməsinə icazə veriləcək, ictimai qayda bərpa olunduqdan sonra onlar dərhal məntəqədən çıxarılacaq.
Diqqətə çatdırılıb ki, seçki bülletenləri saxlanılan dairə və seçki məntəqələrinin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.
Müşavirədə MSK Katibliyinin hüquq şöbəsinin müdiri İradə Hacıyeva və Katibliyin monitorinq şöbəsinin əməkdaşı Samir Tağıyev “Seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları” və “Seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilələrin yolverilməzliyi. Seçki prosesi iştirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tədbirlər” mövzularında çıxışlar ediblər.
Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb və onlara “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası” paylanılıb.

Keçidlər