Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Aparatı Şəkidə seçki hüququ ilə bağlı ictimai dinləmələr təşkil edib

07 oktyabr 2015 | 03:10

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı Mərkəzi Seçki Komissiyası ilə birgə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının tətbiqi vəziyyətinin müzakirəsi və seçki hüququ ilə bağlı regional maarifləndirmə tədbirlərinə start verib.
İlk ictimai dinləmələr oktyabrın 5-də Şəki şəhərində keçirilib.
Tədbirdə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Göyçay, Ağsu, Şamaxı və Qobustan rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, dairə seçki komissiyalarının sədrləri, bələdiyyə və yerli vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova açaraq, noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində Ombudsman təsisatı və MSK-nın təşkilatçılığı ilə keçirilən ictimai dinləmələrin seçkilərin təşkilinə məsul qurumların seçki hüququ ilə bağlı maarifləndirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb, tədbirin işinə uğurlar arzulayıb.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində həyata keçirilən islahatlar: nəticələr və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ölkəmizdə insan hüquqlarının müdafiəsi və vətəndaşların seçki hüququnun təmin edilməsi sahəsində görülən işlərdən geniş bəhs edilib. Aparat rəhbəri bildirib ki, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu hüquqların içərisində seçki hüququ xüsusi yer tutur.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramı insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının ən mühüm istiqamətlərini müəyyən edir. Bu Proqramda yeni prioritetlərə uyğun konkret istiqamətlər, tədbirlər, vəzifələr müəyyənləşdirilib. Həyata keçirilən demokratik, hüquqi və sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifahı ildən-ilə daha da yaxşılaşır.
Hazırda ölkəmizdə noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə ciddi hazırlıq işlərinin görüldüyünü nəzərə çatdıran Aydın Səfixanlı, seçkilərin əvvəlki illərdə olduğu kimi, yenə də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçiriləcəyinə əminliyini ifadə edib.
Sonra MSK Katibliyinin təşkilat şöbəsinin əməkdaşı Faiq Bəşirovun “Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi və seçki hüququnun daha səmərəli təmini” mövzusunda məruzəsi dinlənilib. Məruzədə seçkilərin Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilməsinin vacibliyi qeyd olunub, dairə və məntəqə seçki komissiyalarının qarşısında duran vəzifələrdən bəhs edilib.
Tədbirdə, həmçinin rayonların dairə seçki komissiyaların sədrləri, icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək seçkilərə hazırlıqla bağlı görülən işlərdən danışıblar.
Sonda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Keçidlər