Şəkidə keçirilən təlimdə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlardan bəhs edilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının birgə təşkilatçılığı ilə oktyabrın 5-6-da Şəki şəhərində “Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və BMT-nin insan hüquqları mexanizmləri” mövzusunda təlim keçirilib.
İnsan hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən islahatların beynəlxalq və milli səviyyədə təbliği məqsədilə keçirilən ikigünlük təlimdə şəhər icra hakimiyyəti və vətəndaş cəmiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.
Təlimin ilk günü “İnsan hüquq və azadlıqlarına dair beynəlxalq standartlar və BMT-nin rolu” mövzusunda məruzə təqdim olunub, dinləyicilərə BMT-nin Nizamnamə qurumları və Universal Dövri İcmalı barədə məlumat verilib.
Daha sonra dinləyicilər “BMT-nin insan hüquqlarına dair müqavilə qurumları” və “BMT-nin İnsan Hüquqları Şurasının xüsusi prosedurları” mövzularına dair məlumat əldə ediblər.
Təlimin ikinci günü, oktyabrın 6-da isə dinləyicilərə “İnsan hüquqlarının müdafiəsində Milli İnsan Hüquqları təsisatlarının rolu”, “Azərbaycanda insan hüquqları sahəsində qəbul edilmiş milli fəaliyyət proqramları və BMT-nin mexanizmləri ilə əməkdaşlıq perspektivləri”, “BMT-nin insan hüquqları mexanizmi çərçivəsində qəbul olunmuş qərar və tövsiyələrin icrasında Milli İnsan Hüquqları institutlarının rolu”, “İnsan hüquqlarının monitorinq texnologiyaları və mərhələləri” mövzularında məruzələr təqdim olunub.