Şəkidə Yaponiya hökumətinin dəstəyi ilə daha bir layihə reallaşdırılacaq
Oktyabrın 8-də Şəki şəhərində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşdırılacaq “Şəkinin Çayqaraqoyunlu kəndində su təchizatı sisteminin inkişafı” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və şəhər rəhbərliyi iştirak edib.
Tədbiri layihənin rəhbəri, “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyinin direktoru Əlirza Məhərrəmov açaraq, imzalanacaq layihə barədə məlumat verib.
Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Yaponiyanın ölkəmizdəki səfirliyi ilə icra hakimiyyəti arasında əməkdaşlığın 2000-ci ildən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla, ümumi dəyəri 1 milyon 349 min 892 ABŞ dolları olan 16 layihə üzrə qrant müqaviləsi imzalanıb. Bu layihələr məktəb və uşaq bağçalarının tikintisi, ekologiya, su təchizatı, tibb və digər sahələri əhatə edir. Elxan Usubov bu əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Şəkiyə növbəti səfərindən böyük məmnunluq duyduğunu vurğulayan səfir Tsuquo Takahaşi Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən layihələrin insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını qeyd edib. Diqqətə çatdırılıb ki, proqram çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 17 milyon 495 min ABŞ dolları olan 205 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Sonra səfir Tsuquo Takahaşi və “Şəki Ekologiya və Təhsil Mərkəzi” İctimai Birliyinin direktoru Əlirza Məhərrəmov sözügedən layihə üzrə qrant müqaviləsini imzalayıblar.
Layihənin əsas məqsədi Çayqaraqoyunlu kəndində su təchizatı sistemi inşa edərək, kənd əhalisinin suya olan tələbatını ödəməkdir. Bu layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 89 min 995 ABŞ dolları təşkil edir.
Layihə üzrə işlərin bir neçə aya tamamlanması nəzərdə tutulur.